Türkiyəli deputatlar: “Onlar bizim ölkəyə də xəyanət ediblər”
Türkiyəli deputatlar və siyasətçilər türkiyəli yazarların Ermənistana və işğal altındakı Azərbaycan torpaqlarına səfərinə kəskin reaksiya veriblər.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Milliyyətçi Hərəkat Partiyasının İstanbul millət vəkili Atilla Kaya işğalçı Ermənistana səfər edən Türkiyə vətəndaşlarının orada öz ölkəsi və Azərbaycan əleyhinə bəyanatlar verməsini pisləyib.
“Türkiyədə kript erməniləri var. Təəssüf ki, bunlar vətəndaşı olduqları, çörəyini yeyib suyunu içdikləri ölkəyə xəyanət edirlər. Türk millətinə qarşı həm Anadoluda, həm də qardaş Azərbaycanda soyqırımı həyata keçirən, XXİ əsrdə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamağa davam edən Ermənistana gedib orada öz ölkəsinin və Azərbaycanın əleyhinə danışan adamları qınayıram. Təkrar edirəm, kript erməniləri məsələsi Türkiyə üçün çox narahatedici bir reallıqdır. Gərgin günlər yaşadığımız bu dönəmdə Ermənistana və qardaş Azərbaycanın işğal altındakı torpaqlarına gedərək bizi suçlayan açıqlamalar vermək qəbul edilən deyil”, - deyə o vurğulayıb.
Cumhuriyyet Xalq Partiyasının İstanbul millət vəkili Dursun Çiçek isə Ermənistana və Dağlıq Qarabağa gedərək Türkiyəni və Azərbaycanın əleyhinə bəyanatlar verənləri problemli şəxslər adlandırıb: “Onlar keçmişdə Türkiyədə də subyektiv açıqlamalar verərək problemlər yaradıblar. Erməni işğalı altındakı Azərbaycan torpaqlarına getmələri beynəlxalq hüquqa zidd olduğu kimi, orada dedikləri sözləri ciddi qəbul etmək lazım deyil. Onların sözlərinin heç bir qüvvəsi yoxdur. O şəxslərin sözləri köklü tarixi ənənələri olan Türkiyə-Azərbaycan qardaşlığına qətiyyən kölgə sala bilməz, öz şəxsi fikirləridir”.
Vatan Partiyasının sədri Doğu Perinçek isə sözügedən şəxsləri işğalçıları dəstəkləməkdə ittiham edib. “O adamlar Azərbaycanın vətən uğrunda savaşına mane olmaq üçün Ermənistana və işğal olunmuş Azərbaycan torpaqlarına gediblər. Amma cəhdləri boşa çıxacaq, biz qüvvələrimizi birləşdirərək qardaş Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik”.
Qeyd edək ki, Azərbaycanda Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.
Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Babək Cahandarov