“Türklərin” Qarabağda sülh axtarışı və rəsmi Ankaranın susqunluğu – ANALİZ
Məlum olduğu kimi, bir neçə gün əvvəl Türkiyədən olan bir qrup şəxs Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə səfər edib. Səfər “Qərbi Erməni Milli Konqresi”nin təşəbbüsü ilə təşkil edilib.
Nümayəndə heyətinə qrupun rəhbəri, Türkiyə “Yaşıllar və Sol Gələcək Partiyası”nın (Yeşiller ve Sol Gelecek Partisi) rəsmisi, “Ankara Düşüncə Platforması” qeyri-hökumət təşkilatının rəhbəri, sabiq millət vəkili Ufuk Uras, yazıçılar Əli Bayramoğlu, Səid Çəkinoğlu, yazıçı və teleaparıcı Erol Katırçıoğlu daxil olub.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin rəhbəri Ufuk Uras ermənilərə olan sevgisi ilə tanınır. Dəfələrlə Ermənistanda olaraq düşmən ölkə ilə görüşlər keçirib, çıxışlarında isə tərəfləri münasibətləri normallaşdırmağa, Türkiyə ilə Ermənistan arasında iqtisadi əlaqələrin bərpasına çağırıb. Hətta 2014-cü ildə İrəvanda olarkən “soyqırımı məzarını” belə ziyarət edib.
Səfərə gəlincə, nümayəndə heyəti sentyabrın 22-də qondarma rejimin xarici işlər naziri (artıq “vəzifəsindən” azad edilib – P.S.) Karen Mirzoyanla görüşüb.
Nümayəndə heyəti Xankəndində mətbuat konfransı da keçirib. Ufuk Uras “Türkiyənin öz tarixi gerçəkləri ilə üzləşməsini, “erməni soyqırımı”nı tanımasını və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini” istədiklərini bildirib:
“Beynəlxalq hüquqda belə qayda var ki, masa arxasında əyləşməyən haqlı deyil. Biz ilk növbədə kimin haqlı olub-olmaması məsələsini kənara qoymalı və danışıqlar masasının arxasında əyləşməliyik. Dağlıq Qarabağda rəsmilərin münaqişənin sülh yolu ilə həllinin tərəfdarları olması faktı bizi ümidləndirir. Səfərimizdən sonra da öz təəssüratlarımızı Türkiyə cəmiyyətinə ötürəcəyik”.
Bu səfərdən sonra Azərbaycan hökuməti tərəfindən tərtib edilmiş “qara siyahıya” salına bilmələrinə dair suala isə Ufuk Uras belə cavab verib: “İslanmışın yağışdan nə qorxusu. Bizim səfərimizin hansı siyasi nəticələr doğuracağını bilmirik, baxmayaraq ki, orada böyük etiraz dalğasının yarandığından xəbərdarıq. Ancaq demək istəyirik ki, bunu həm də Azərbaycan üçün edirik. Biz sülh istəyirik, ona görə də Dağlıq Qarabağa gəlmişik”.
Yazıçı Səid Çəkinoğlu soyqırım üzrə ekspert və hüquq müdafiəçisi olduğunu vurğulayıb: “Burada olduqdan sonra belə bir nəticəyə gəldim ki, erməni soyqırımının tanınması və Dağlıq Qarabağ problemi arasında ümumi əlaqə mövcuddur. Osmanlı İmperiyasının tərəfdaşları olmuş Almaniya və Avstriya artıq rəsmi olaraq soyqırımı tanıyıblar. Ancaq Türkiyə hələ də bunu inkar etməyə davam edir və bu, erməni-türk münasibətlərinin bərpasına mane olur”.
Çəkinoğlu bir qədər də irəli gedərək vurğulayıb ki, Ermənistanla olan sərhəd dərhal açılmalıdır, çünki Türkiyə əhalisinin böyük əksəriyyəti Ermənistanla münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. Amma hüquq müdafiəçisi Türkiyənin işğalçı Ermənistanla sərhədləri bağlamasının səbəblərini deyəsən unudub. Xatırlatmaq yerinə düşər ki, səbəb təkcə Dağlıq Qarabağın işğalı deyil, həm də Ermənistanın Türkiyəyə qarşı ərazi iddiasıdır.
İndiyə kimi müxtəlif ölkələrin parlamentarilərinin, QHT təmsilçilərinin, jurnalistlərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərlərnin şahidi olmuşuq. Onların bir çoxu sonradan öz əməlinə görə peşiman olaraq rəsmi qaydada Azərbaycan tərəfinə müraciət edərək üzr istəyib. Bu müraciətdən sonra bir çoxlarının adı “arzuounmaz şəxslər” siyahısından çıxarılıb. Amma Azərbaycanın ən yaxın müttəfiqi, qardaş dövlət olan Türkiyədən işğal edilmiş ərazilərimizə edilmiş bu səfər əlbəttə ki, böyük ikrah doğurur. Türkiyəli “qardaşlarımızı” bu addımı atmağa nə vadar edib? Məqsəd sülhməramlı missiyadırsa, nə üçün ordakı görüşlərdə, mətbuat konfransında Azərbaycana dəstək ifadə edən, işğalçını adı ilə çağıran bir sözə, bir fikirə belə rast gəlmədik? Bütün bunlar ondan xəbər verir ki, bu səfər əslində işğalçıya dəstək, ona haqq qazandırmağa xidmət edir.
Heç kəsə sirr deyil ki, Azərbaycan dövləti və xalqı hər zaman bütün məsələlərdə Türkiyə xalqının və dövlətinin yanında olub, münasibətlərdə səmimilik nümayiş etdirib. Ötən ilin iyul ayında Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan xalqı Türkiyə ilə həmrəylik nümayiş etdirdi. Prezident İlham Əliyev bu hadisədən dərhal sonra qardaş ölkəyə lazımi dəstəyin göstərilməsi ilə əlaqədar tapşırıqlar verdi. İlham Əliyev dövlət çevrilişi cəhdindən sonra Rəcəb Tayyib Ərdoğana ilk zəng edən dövlət başçılarından biridir.Azərbaycan dövləti birinci olaraq bu məsələyə öz münasibətini bildirdi və birmənalı şəkildə Türkiyənin konstitusion quruluşunu, xalqın iradəsi ilə formalaşmış hakimiyyəti dəstəklədi, bu hakimiyyətə qarşı xain cəhdləri qətiyyətlə pislədi və bu hadisəyə siyasi qiymətini verdi.
Azərbaycan FETÖ ilə mübarizədə ilk andan Türkiyəyə verdiyi dəstəyi bu gün də davam etdirir. Türkiyə ilə Rusiya arasında baş vermiş təyyarə böhranından sonra da Azərbaycan iki ölkənin münasibətlərinin bərpasında mühüm rol oynadı.
Eyni zamanda Türkiyə tərəfinin də dəfələrlə Azərbaycana dəstəyinin şahidi olmuşuq. Türkiyə cəmiyyətinin Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasına və ölkələr arasında münasibətlərin normallaşmasına münasibəti hələ bir neçə il əvvəl Sürix protokolunun imzalanması zamanı məlum olmuşdu. O zaman Türkiyə cəmiyyəti birtərəfli qaydada Ermənistanla münasibətlərin normallaşmasına qarşı çıxdı və bununla da sübut etdi ki, Azərbaycanla Türkiyə arasında olan xüsusi münasibəti vurğulayan “Bir millət, iki dövlət” kəlamı heç də adi söz deyil. Bununla belə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə Ermənistanla münasibətlərin normallaşması mümkün olmayacaq.
Lakin təəssüflə qeyd etməliyik ki, Türkiyədən olan bir qrup “sülh carçısının” düşmən ölkəyə səfəri ilə bağlı bu dəfə nə rəsmi Ankaranın, nə də Türkiyə ictimaiyyətinin ciddi reaksiyasının şahidi olmadıq. Yəni bu səfərlə bağlı qınaq, tənqid yoxdur. Əvəzində isə deyəsən pis bir presidentin əsası qoyulur. Yəni, sabah başqa bir qrupun da “sülh missiyası” ilə Dağlıq Qarabağa səfər etməyəcəyinə heç kim təminat vermir.
Bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvalarından qovan erməni cəlladları ilə görüşə gedən türk nümayəndə heyətinə gəlincə, bu saxta “sülh carçıları” uydurma “erməni soyqırımını” müzakirə etməkdən öncə Xankəndinin yaxınlığında yerləşən, Ermənistanın indiki prezidenti Sarkisyanın rəhbərliyi ilə 613 dinc sakininin vəhşicəsinə qətlə yetirildiyi Xocalının xarabalıqlarını ziyarət edə, 1918-ci ildən bu yana ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarını, işğal edilmiş ərazilərdə müsəlman mədəniyyətinin və tarixi abidələrimizin məhv edilməsini də müzakirə edə bilərdilər.
Lakin belə aydın olur ki, bu “sülh carçılarının” məqsədləri başqa olub – üzlərinə “sülhməramlı” maskası taxmaqla Qərbin diqqətini cəlb eləmək, bununla da hansısa “beynəlxalq mükafat” və yaxud da Skandinaviya ölkələrinin birində yaşamaq hüququ əldə etmək.
Bu cür “sülhməramlılar” Azərbaycanın özündə də ortaya çıxdılar. Azərbaycan və Türkiyənin təhqir olunduğu, həqiqətlərin saxtalaşdırıldığı, ermənilərin vəhşiliklərinə haqq qazandıran, tamamilə yalan üzərində yazılmış “Daş yuxular” romanının müəllifi Əkrəm Əylislini xatırlamaq kifayətdir.
Məsələyə Türkiyənin Azərbaycandakı səfirliyindən də münasibət öyrəndik. Səfirliyin müşaviri Hamit Karadəniz bildirib ki, Ufuq Uras vaxtilə PKK-ya yaxın olan partiyadan milət vəkili seçilib. Türkiyənin digər partiyaları ilə onun heç bir əlaqəsi yoxdur: “Özbaşına adamlarını yığıb gedib Qarabağa. Təbii ki, Tükiyə dövləti bunu şiddətli şəkildə qınayır. O, Türkiyənin adından getməyib, bizim qardaşlarımız olsaydı, bu addımı atmazdılar”.
Diplomat deyib ki, Ufuq Uras kürd olmadığını bilir: “O, türk əsillidir. Amma heç bir fərqi yoxdur. Yəni eyni yolda getdikdən sonra türk və kürd olmağın heç bir fərqi yoxdur. Türkiyədə Hrant Dınkın ölümündən sonra bir qrup çıxıb “hepimiz ermeniyiz” deyə bağırdılar. “Hepimiz ermeniyiz” deyənlər Türkiyənin dostudurmu, əlbəttə ki, yox. Tükiyədə də, Azərbaycanda da müxtəlif cür insanlar var. Bu səfərlə Türkiyə dövlətinin heç bir əlaqəsi yoxdur”..
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə məsələnin araşdırıldığını və həmin şəxslərin adının artıq “qara siyahıya” salındığını vurğulayıb.
Ümid edirik ki, Türkiyə cəmiyyəti və Ankaradakı rəsmi şəxslər də bu səfərə layiqli qiymət verəcəklər. Axı əsl qardaşlı məhz bu cür vəziyyətlərdə özünü büruzə verir.
Pərvanə Sultanova