Səfir: “Dağlıq Qarabağa gedən şəxslər Türkiyənin rəsmi mövqeyini ifadə etmir”
“Biz Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq əsasında müxtəlif təşkilatlar tərəfindən verilmiş qərarlara bağlı olaraq həllini istəyirik”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bir qrup Türkiyə vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfərini şərh edərkən deyib.
“Türkiyədən Dağlıq Qarabağa gedənlərin olması barədə məlumatı yenicə öyrəndik. Dağlıq Qarabağa edilən bu kimi qanunsuz səfərlər təbii ki, həll prosesinə zərər verir. Bu prosesə zərər verən davranışları Türkiyə olaraq şiddətlə qınayırıq. Bu səfəri həyata keçirənlər Türkiyənin rəsmi mövqeyini ifadə etmək səlahiyyətində olan şəxslər deyil. Onlar fərdi olaraq ora gediblər. Bizim rəsmi mövqeyimiz də bəllidir”, - deyə səfir bildirib.
E.Özoral Türkiyə vətəndaşlarına Dağlıq Qarabağa qanunsuz səfərlə əlaqədar Azərbaycanda cinayət işinin açılmasını da şərh edib. O deyib ki, bu hüquqi prosesdir və hüququn tələb etdiyi addımlar atılacaq: “Biz hüquqa hörmətlə yanaşırıq”.
Babək Cahandarov