Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başa çatıb – FOTO
Sentyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Canikli ölkəmizdə keçirilən “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirak ediblər.
1news.az-ın məlumatına görə, uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirən nazirlər onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb.
Təlimlərin yekunlarına həsr olunmuş tədbirdə uçuş və texniki heyətlərin, aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.
Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar keçirən, verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların göstərdikləri nəticələr Müdafiə nazirləri tərəfindən yüksək qiymətləndirilib.
Bildirilib ki, Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin davamlı olaraq keçirilməsi hər iki ölkənin pilotlarının bacarıq və praktiki vərdişlərinin artmasına, müştərək fəaliyyətlərin planlaşdırılmasına, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsinə və digər tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaqdır.
Tədbirdə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlərin təlim ərazisində nümunəvi uçuşları həyata keçirilib.
Təlimlərin bağlanış mərasimi Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının konsert proqramı ilə sona çatıb.
Babək Cahandarov