Prezident və birinci xanım komandamızın oyununa baxıblar - FOTO
Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir final mərhələsində Almaniya yığması üzərində inamlı qələbə qazanan Azərbaycan milli komandası yarımfinala yüksəlib.
1news.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada qadın voleybolçularımız 3:0 hesabı ilə qələbə qazanıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan və Almaniya voleybolçularının oyununa baxıblar.
Milli komandamız birinci setin əvvəlində hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirərək qalib gəlib - 25:20. Görüşün ikinci setində Azərbaycan yığması əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlayaraq, böyük fərqlə qələbə qazanıb - 25:18. Qarşılaşmanın üçüncü seti də inamlı oyun nümayiş etdirən voleybolçularımızın qələbəsi ilə başa çatıb – 25:21.
Beləliklə, dörddəbir finalda Almaniya millisini 3:0 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan komandası Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın qələbəsini alqışlayıblar.
Azərbaycan voleybolçuları yarımfinalda Niderland millisi ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatının “A” qrupunda keçirdiyi sonuncu görüşdə də Almaniya yığması ilə qarşılaşmışdı. Həmin matçda voleybolçularımız 3:1 hesabı ilə qalib gəlmişdilər.
1news.az