Bakıda MDB ölkələrinin Dövlətlərarası Şurasının 30-cu iclası keçirilir – FOTO
Bakıda MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 30-ci iclası keçirilir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistanın nümayəndələri iştirak edirlər.
Azərbaycanı tədbirdə fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyev, nazir müavini Faiq Tağızadə və baş idarə rəisinin müavini Gündüz Həmzəyev təmsil edirlər.
Əvvəlcə iclasın gündəliyi elan olunub.
Sonra Rəfail Mirzəyev iclasda Şuranın növbəti müddət üçün sədri seçilib.
İclas iştirakçıları Şuranın 2016-2017-ci illərdəki fəaliyyətinin nəticələrini müzakirə ediblər. Toplantıda MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığının möhkəmləndirilməsi və quruma üzv dövlətlərin təbii və texnogen xarakterli fövqəladə hallar barədə qarşılıqlı məlumatlandırılmasına dair nəzarət məqsədli yoxlamaların plan-qrafiki üçün tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Şura üzvləri əməkdaşlığın müqavilə-hüquqi bazasını təkmilləşdirmək məqsədilə 2020-ci ilədək olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsinə dair Tədbirlər Planını nəzərdən keçiriblər. Qeyd edilib ki, MDB-nin və Dövlətlərarası Şuranın ali orqanlarının qəbul etdiyi qərarlar uğurla icra olunur.
Şura üzvləri fövqəladə halların idarə olunması və nəticələrinin aradan qaldırılması sahəsində MDB ölkələri arasında əməkdaşlığın müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi məsələsini də müzakirə ediblər. Həmçinin Birliyə üzvü dövlətlərin əsas təşkilatların fəaliyyətini tənzimləyən fövqəladə hallar sahəsində xəbərdarlıq və onun qarşısının alınması sahəsində kadr hazırlığı üzrə sənədə əlavə və dəyişikliklərə baxılıb.
Bundan əlavə, iclasda təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müqavilə-hüquqi bazanın inventarizasiyası məsələsi müzakirə edilib və 2017-2018-ci illərdə Dövlətlərarası Şurasının əsas fəaliyyət planı formalaşdırılıb.
Habelə təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün MDB-nin Qüvvələri Korpusunun idarəetmə orqanının tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulub. Dövlətlərarası Şuranın cari il üçün nəzərdə tutulan əsas tədbirləri, Şuranın növbəti iclasının keçiriləcəyi yer və iclasın gündəliyinin layihəsi razılaşdırılıb. MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 31-ci iclasının Belarusda keçirilməsi barədə qərar qəbul olunub.
İclasında sonunda Şuranın qərarının və protokolunun imzalanması nəzərdə tutulur.
Babək Cahandarov