Mübariz Əhmədoğlu: Gürcüstan insan hüquqları prizmasından Dağlıq Qarabağ tənzimlənməsinin modelini hazırlaya bilər
“Dağlıq Qarabağ məsələsi insan hüquqları məsələsidir”. Ermənistan prezidenti S.Sərkisyan BMT Baş Assambleyasında bu bəyanatı ilə Dağlıq Qarabağ tənzimlənməsində insan hüquqlarını prioritet elan etdi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı açıqlmanı şərh edərkən bildirib:
“O, insan hüquqlarının əsas elementi kimi xalqların öz müqəddəratını təyinetmə prinsipini göstərdi. İnsan hüquqları müstəvisində Dağlıq Qarabağ münaqişəsinin həlli var:
Bu təşəbbüsün müəllifi Ermənistan prezidentidir. Ermənistan həmişə dinc tənzimlənməyə maneçilik törədib. ATƏT MQ həmsədrlərinin ortalığa qoyduğu variantları müxtəlif yollarla inkar edib. Hər halda öz təşəbbüslərinə hörmətlə yanaşarlar. İnsan hüquqları müstəvisində Dağlıq Qarabağ məsələsinin həlli Azərbaycan üçün də sərfəlidir. Çünki insan hüquqlarının təmini sahəsində Azərbaycanın ən əsas tezislərindən biri ondan ibarətdir ki, Qərb Azərbaycanda 1-2 fərdin hansısa hüququnun pozulmasına kəskin reaksiya verdiyi halda, 1 milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqının elementar insan hüquqlarından məhrum olmasına göz yumur.
Ermənistan parlamentinin spikeri A.Babloyan Gürcüstan prezidenti Q.Marqvelaşvili ilə Tbilisidə görüşərkən özü könüllü şəkildə Dağlıq Qarabağ tənzimlənməsi barədə məlumat verdi və bildirdi ki, Dağlıq Qarabağ məsələsi insan hüquqları məsələsidir”.
Politoloqun fikrincə, Azərbaycanın strateji müttəfiqi Gürcüstan Ermənistan üçün vacib dövlətdir.
“Ona görə Ermənistan həmişə çalışıb Gürcüstana göstərsin ki, guya Ermənistan həmişə tənzimlənməyə hazırdır, amma Azərbaycan imkan vermir. O səbəbdən gürcü rəsmilərinin, xüsusilə Gürcüstanın Xİ nazirinin Ermənistana səfərlərinə erməni mətbuatı rəsmi Yerevanın diktəsi ilə həmişə Dağlıq Qarabağ müzakirəsi fonu yaradırlar.
Prezident S.Sərkisyan və rəsmi Yerevan insan hüquqları müstəvisində Dağlıq Qarabağ məsələsinin həllini istəyirsə və A.Babloyan ilk olaraq bunu Gürcüstana təklif edirsə, o zaman Gürcüstan rəhbərliyi, prezident Q.Marqvelaşvili insan hüquqları prizmasından Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi modelini hazırlaya bilərlər.
Dağlıq Qarabağ məsələsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası kimi başlayıb və Dağlıq Qarabağ Muxtar Vilayətinin icraiyyə komitəsinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan SSR-nin tərkibinə birləşməklə bağlı qərarı var. Ermənistan SSR Ali sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin bu qərarına əsasən Dağlıq Qarabağı Ermənistana birləşdirməklə bağlı qərar qəbul edib. Yalnız sonradan ermənilər başa düşdülər ki, Azərbaycanın ərazi bütövlüyünü pozmaqla onlar Dağlıq Qarabağı Ermənistana birləşdirə bilməyəcəklər. Aralıq variant kimi Dağlıq Qarabağın müstəqillik ideyasını ortalığa atdılar və Dağlıq Qarabağda 1991-ci ildə “referendum” keçirildi. “Referendum” keçiriləndə Dağlıq Qarabağda bircə nəfər də olsun azərbaycanlı əhali qalmamışdı. Ermənistan rəhbərliyi hərbi təcavüzlə Dağlıq Qarabağ azərbaycanlılarını deportasiya etmişdi.
Belə təcavüz və işğalın necə baş verdiyini Gürcüstana izah etmək lazım deyil, başına gəlib. Erməniləri də gürcülərə tanıtmağa zərurət yoxdur”.
M.Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi regionunda insan hüquqları haradan və nə qaydada pozulmasının xronoloji ardıcıllığını müəyyənləşdirməklə Dağlıq Qarabağ məsələsinin həlli modelini hazırlamaq olar:
“Sonrakı dövrlərdə də Azərbaycan Respublikası insan hüquqlarının reallaşmasına geniş şərait yaradır və Azərbaycan konstitusiyası əsasında bütün Azərbaycan Respublikasının vətəndaşlarının, o cümlədən milliyyətcə erməni olan vətəndaşlarının hüququ da tam təmin olunacaq.
Gürcüstan yaranmış vəziyyəti düzgün qiymətləndirmək halındadır. Ermənistan parlamentinin spikeri A.Babloyanın Gürcüstan prezidenti Q.Marqvelaşviliyə müraciəti erməni tərəfinin az qala rəsmi müraciətidir. Q.Marqvelaşvili düzgün qeyd edir ki, belə münaqişələr kiçik xalqları məhv bilər. Ermənistan xalqı artıq bu yoldadır. 1988-ci ildə 15 milyon ermənini yaşadığı dövlətə iddialı olan Ermənistanın prezidenti 2040-cı ildə Ermənistanın əhalisini 4 milyon nəfərə çatdırmağı qarşısına məqsəd qoyub. Real əhalinin sayı artıq 2 milyondan bir az artıqdır.
Dağlıq Qarabağ münaqişəsini həll etməklə Gürcüstan rəhbərliyi, prezident Q.Marqvelaşvili Ermənistana çox böyük yaxşılıq etmiş olur”.
S.Xankişiyeva