Sədaqət Vəliyeva: Strateji yol xəritələri ölkəmizin dayanıqlı inkişafı üçün mayak rolunu oynayır
2015-ci ildə istər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslər nəticəsində neft gəlirlərinin kəskin azalması və mürəkkəb xarici iqtisadi mühit Azərbaycanın da makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərdi.
Bu səbəbdən də, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların strateji hədəflərinə uyğun olaraq inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid qarşıda duran prioritet vəzifələrdən idi.
Strateji hədəfləri reallaşdırmaq və ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün isə iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə strateji yol xəritələri təsdiq edildi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, 2016-cı ildən başlayaraq sistemli şəkildə görülən tədbirlərin nəticəsində ölkəmizdə sənaye və kənd təsərrüfatı, bütövlükdə, qeyri-neft sektorunda ciddi irəliləyişlərin şahidi olduq. Yeni sənaye məhəllələrinin salınması, aqro-komplekslərin yaradılması, yerli və xarici investorların iqtisadiyyatımıza sərmayə yatırması üçün cəlbetmə işlərinin həyata keçirilməsi, yeni istehsal olunan məhsulların xarici bazarlarda satışının təmin edilməsi, “Made in Azerbaijan” brendinin müxtəlif ticarət nümayəndəlikləri və subyektlərinin vasitəsilə dünyada tanıdılması və s. bu kimi tədbirlərin reallaşdırılması nəticəsində Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirildi.
Eyni zamanda, Prezident İlham Əliyevin şəxsən bölgələrə səfər etməsi, yaradılan sənaye və aqromüəssisələrlə tanış olması, istehsal və əkin sahələrində əməkçilərlə görüşməsi, onları həvəsləndirməsi həyata keçirilən işlər çərçivəsində daha yüksək nəticələrin əldə olunmasına əlavə stimul verdi. Məhz son müddət ərzində həyata keçirilən tədbirlərin nəticəsi idi ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşdı. Eyni zamanda, Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarında əks olunan məqamlar da onu isbatladı ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi reallaşdırılmış antiböhran tədbirləri müsbət nəticələrini artıq verməkdədir.
Sədaqət Vəliyevanın sözlərinə görə, strateji yol xəritələri əsasında icra olunmuş layihələrin 32 faiz, icrası başlanmış proyektlərin isə 59 faiz təşkil etməsi onu göstərir ki, Azərbaycan yaxın müddət ərzində iqtisadiyyatın daha sürətli inkişafına töhfəsini verəcək layihələrin hamısını işə salacaq.
“Həmçinin, yarım il ərzində insan kapitalının inkişaf etdirilməsinin 50 faizə çatdırılması, əlverişli biznes mühitinin inkişaf etdirilməsi üçün potensial imkanların 88 faizə qaldırılması, özəlləşdirmə prosesinin isə tam olaraq işə salınması belə bir qənaəti ortaya qoyur ki, gələn il artıq sürətli tərəqqi dövrü olacaq, ölkəyə xaricdən daxil olan valyuta daha da artacaq, əlavə yeni müəssisələr fəaliyyətə başlayacaq. Bir sözlə, Strateji Yol Xəritəsinin yarımillik monitorinqi və qiymətləndirməsi onu göstərir ki, Azərbaycanda qarşıya qoyulan vəzifələrin 62 faizi artıq reallaşdırılıb”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dövlətimizin başçısı ölkənin uzunmüddətli perspektivə hesablanmış inkişafının təmin edilməsi üçün kompleks, sistemli fəaliyyətə start verib və bu işdə strateji yol xəritələri ölkəmizin dayanıqlı tərəqqisi üçün mayak rolunu oynayır.
1news.az