Bakıda Avstriyanın Milli günü qeyd olunub
Avstriyanın Milli günü və Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
1news.az xəbər verir ki, qəbulda hökumət rəsmiləri, səfirlər, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Avstriyanın ölkəmizdəki səfiri Aksel Veks bildirib ki, ötən 25 ildə Avstriya Azərbaycan əlaqələrinin inkişafının şahidi olmuşuq.
O deyib ki, bu il ölkəmiz üçün ən vacib hadisə ATƏT-də sədrlikdir: “Azərbaycana bizə göstərdiyi konstruktiv yanaşmaya görə təşəkkür edirik. Gələn ilin ikinci yarısında Avstriya Avropa İttifaqına sədrlik edəcək. Bu çərçivədə də Azərbaycanla əməkdaşlıq davam edəcək”.
Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan rəhbərliyi adından Avstriya xalqını və dövlətini təbrik edib. O deyib ki, iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verib:
“İki ölkənin münasibətləri çoxtərəflidir. Avstriya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb. Avstriyanın Aİ-yə rəhbərlik edəcəyini nəzərə alaraq bu tribunadan eyni dəyərləri dünya ictimaiyyətinə çatdıracağına əminik”.
Pərvanə Sultanova