Bakıda “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib – FOTO - YENİLƏNİB
Oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib.
1news.az-ın məlumatına görə, Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, dilçi alimlər, Milli Məclisin deputatları, KİV-lərin rəhbərləri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov bildirib ki. konfransın keçirilməsində məqsəd qloballaşan dünyada ana dilinin saflığının qorunması və bununla bağlı həyata keçiriləcək tədbirləri müzakirə etməkdir.
Ə.Həsənov bildirib ki, dil tək ünsiyyət vasitəsi deyil, həm də xalqın mənəvi yaddaşının bir hissəsi olmaqla bərabər onun özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir. Dilimz nə qədər saf və zəngin olarsa milli birliyimiz də bir o qədər möhkəm olar.
Azərbaycan dilinin dövlətimizin əsas atributlarından biri olduğunu vurğulayan professor Əli Həsənov deyib ki, dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Əvvəla ona görə ki, Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. İkincisi, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik olan müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Başqa sözlə, dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni, azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir.
Ə.Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksək qiymətləndirdiyini vurğulayıb:
“Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Təkcə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub”.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsinin də ulu öndərin adı ilə bağlı olduğunu bildirən professor Ə.Həsənov qeyd edib ki, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib. Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması olub. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilib, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilib. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb.
Ümummilli lider Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qüvvəyə minməsi oldu. Bu qanun ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib”.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl surətdə davam etdirdiyini vurğulayan Əli Həsənov diqqətə çatdırıb ki, dövlətimizin başçısı 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd edib, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb.
Professor Əli Həsənov, həmçinin müasir dövrdə geniş vüsət alan qloballaşma prosesinin dövlət dilinin istifadə sahəsindən də yan keçmədiyini, fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsinin, maneəsiz informasiya mübadiləsi imkanlarının artmasının dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyduğunu qeyd edərək deyib:
“Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncam imzalayıb. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad sözlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər Sərəncamda xüsusi qeyd olunur.
Təəssüf ki, hələ 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb. Ona görə də cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü konfransın keçirilməsi barədə tapşırıq verib”.
Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radionun digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayandığını qeyd edən Prezidentin köməkçisi deyib ki, televiziya və radio hər evə, ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik.
Azərbaycan Prezidentinin köməkçisi çıxışını bu sözlərlə bitirib: “Biz bu gün media məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri barədə müzakirələr aparmalı, bu sahədə mövcud problemlərə dair açıq fikir bildirməliyik. Ümid edirəm ki, bu müzakirələr yol verilmiş nöqsanların səbəblərinin aydınlaşdırılmasına və aradan qaldırılmasına kömək edəcək”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bəzi aparıcılar dialekt dilində, şivələrdən istifadə etməklə istədikləri formada danışırlar. Eyni zamanda danışarkən vurğudan da düzgün istifadə etmirlər. Telekanal rəhbərləri buna qarşı ciddi tədbirlər görməlidirlər.
Əcnəbi sözlərin bəzən yersiz halda aparıcılar tərəfindən danışıq dilində işlədilməsinə də iradını bildirən Şura sədri digər problem kimi sürətli danışıqdan istifadə edilməsini göstərib.
Reklamlarla və dublyajlarla bağlı vəziyyətin də ürəkaçan olmadığını deyən MTRŞ rəhbəri mvcud problemlərin aradan qaldırılmasında telekanal rəhbərlərinin üzərinə böyük yük düşdüyünü vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov KİV-də dilin norma qaydalarının pozulma hallarının artdığını diqqətə çatdırıb və əlavə edib ki, bu kimi hallara elektron mediada daha çox rast gəlinir.
Şura sədri medianın ixtisaslaşmasına ciddi ehtiyac olduğunu da qeyd edib:
“Elə jurnalistlər var ki, işlədikləri sahəni elə də yaxşı bilmirlər. Belə olan halda təbii ki. problemlər də yaranır. Ona görə jurnalistlər yaxşı bildikləri sahədən yazmalı, təkmilləşməlidirlər”.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı akademik Nizami Cəfərov bəzi hallarda aparıcıların müğənnilərdən seçilməsinə etirazını bildirib:
“Həmin aparıcıların əksəriyyətinin düz-əməlli savadları belə olmadığından danışıqlarında çoxu qüsurlar var. Buna görə də aparıcılar peşəkar insanlardan seçilməlidir”.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu da məruzə ilə çıxış edərək dilçiliklə bağlı problemlərdən və onların həlli yollarından danışıblar.
Konfrans işini mövzu ilə bağlı müzakirələrlə davam etdirib.
Babək Cahandarov