Unibank kapitalını 21 milyon manat artırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank kapitalını 21 milyon manat artırır

16:15 - 09 / 10 / 2017
Unibank kapitalını 21 milyon manat artırır

“Unibank” KB ilin sonunadək kapitalını növbəti dəfə artıracaq. Kapitalın 21 milyon manat artırılması nəzərdə tututlur.

Bu haqda məsələ səhmdarların 13 oktyabrda keçiriləcək növbədənkənar yığıncağında müzakirə olunacaq. Bu il ərzində Unibank artıq ikinci dəfədir ki, kapitalını artırır. İyun ayında bankın nizamnamə kapitalı 70%-dək artaraq, 119,686,326.72 milyon manata çatdırıldı.

Ölkə iqtisadiyyatında qeydə alınan sabitləşmə və inkişaf meyilləri Unibank-ın da fəaliyyətində aktivliyini daha da artırması, korporativ və pərakəndə kreditləşmədə və qeyri-kredit məhsullarında satışın yüksəlməsi, bankın bazarda fəaliyyətini daha da genişləndirməsi üçün zəmin yaradıb. Bank səhmdarları kapitalın yenidən artırılmasının, perspektivdə Unibank-ın ölkənin maliyyə bazarında lider mövqeyini qoruyub saxlamaq və möhkəmləndirməsinə təkan verəcəyi fikrindədirlər. Kapitalın növbəti artımı səhmdarların bankın daha da böyüməsində marağını ortaya qoymaqla, ölkə iqtisadiyyatına dəstəyi artırmaq və müştərilərin maliyyə ehtiyaclarını daha yüksək səviyyədə qarşılamaq mövqeyindən irəli gəlir.

Kapital artımı bankın ölkə iqtisadiyyatına daha çox töhfələr vermək, müştərilərə daha geniş xidmət və daha yüksək keyfiyyətli məhsullar təklif etmək və hər zaman müştəri məmnuniyyətini ən vacib məsələ hesab etmək prioritetlərini həyata keçirməyə təkan verəcək.  

“Unibank” KB ASC ölkənin xarici kapitalın iştirakı olan ən iri banklarından biridir. Beynəlxalq maliyyə institutları olan DEG (24,37%) və AYİB-in (19,41%) bankın nizamnamə kapitalında payı hazırda 44%-ə yaxındır.

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər