Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb
Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:
Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan tarixən çoxkonfessiyalı məkan olmuşdur. Müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilmişdir. Hazırda Azərbaycan nəinki Cənubi Qafqazda, bütün Yaxın və Orta Şərqdə İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin effektiv vəhdətinin mövcud olduğu nümunəvi ölkələrdən biridir.
Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
- Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılsın.
- “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
- Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (bundan sonra – Fond) mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir;
3.2. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir;
3.3. Fondun nizamnamə kapitalı 100 000 (bir yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;
3.4. Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun beş üzvdən ibarət Himayəçilik Şurası həyata keçirir;
3.5. Fondun fəaliyyətinə cari rəhbərliyi Fondun İcraçı direktoru həyata keçirir.
- Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
4.1.2. Fondun icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
4.1.3. Fondun yenidən təşkili və ləğvi;
4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
4.2.1. Fondun işçilərinin say həddinin və əməkhaqlarının müəyyən edilməsi;
4.3. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə:
4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. Fondun fəaliyyətini təmin etmək məqsədi ilə üç ay müddətində onun inzibati bina ilə təmin olunması üçün tədbirlər görsün;
5.5. bu Fərmanla təsdiq edilən Nizamnamənin 3.1-ci bəndinə uyğun olaraq, Fondun işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində təsdiq etsin.
5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3.3-cü bəndində göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin.
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
7.1. Fondun dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün;
7.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
S.Xankişiyeva