Azərbaycanda Komplayens Assosiasiyasının ilk rəsmi tədbiri keçirilib - FOTO

20 oktyabr 2026-cı il tarixində “Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransı 2026” keçirilib.
Azərbaycanda komplayens sahəsinin inkişafı, biznesdə şəffaflığın gücləndirilməsi və peşəkar əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olan konfrans “Komplayens Assosiasiyası” İctimai Birliyinin ilk rəsmi tədbiri kimi dövlət qurumlarının, tənzimləyici orqanların, maliyyə sektorunun və biznes ictimaiyyətinin nümayəndələrini bir araya gətirib.
Tədbirdə “Komplayens Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri, Aytac Qasımova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov və Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev açılış nitqləri ilə çıxış ediblər.
Çıxışlarda komplayensin yalnız tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi funksiyası deyil, həm də biznes etikasının, şəffaflığın, etimadın və dayanıqlı inkişafın mühüm elementi kimi rolu vurğulanıb. Dəyişən biznes mühitində risklərin düzgün idarə olunması, məsuliyyətli qərarvermə və institusional əməkdaşlığın gücləndirilməsi komplayens sahəsinin əsas prioritetləri kimi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iki panel müzakirəsi keçirilib.
“Komplayens sahəsində qlobal və yerli çağırışların biznesin inkişafı və korporativ idarəetməyə təsiri” mövzusunda keçirilən birinci paneldə rəqəmsal transformasiya, yeni texnologiyaların yaratdığı risklər və komplayensin strateji qərarların qəbulundakı rolu müzakirə olunub.
Paneldə Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fuad İsayev, “BİR Ekosistem”in baş icraçı direktoru Fərid Hüseynov, “Azercell Telekom” MMC-nin Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva və Formica AI şirkətinin idarəedici partnyoru və təsisçisi Ozgur Oktan iştirak ediblər. Müzakirəyə “Komplayens Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin üzvü, “Azerbaijan Green Energy Company” MMC-nin İdarə Heyəti sədrinin birinci müavini Xəyalə Nağıyeva moderatorluq edib.
“Biznes mühitində şəffaflığın gücləndirilməsi” mövzusunda keçirilən ikinci paneldə maliyyə cinayətlərinin qarşısının alınması, korporativ hesabatlılıq, etik biznes davranışı və sağlam rəqabət mühitinin formalaşdırılması məsələləri diqqət mərkəzində olub.
Paneldə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədrinin müavini Azər Abbasov, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) baş hüquq inzibatçısı və Hüquq departamentinin direktoru Toğrul Quluzadə, eləcə də NEQSOL Holding-in hüquq üzrə baş direktoru Toğrul Əhmədov iştirak ediblər. Müzakirənin moderatoru “Komplayens Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin üzvü, “Deloitte & Touche” Azərbaycanın idarəedici partnyoru Nuran Kərimov olub.
Tədbirin yekununda “Komplayens Assosiasiyası” İctimai Birliyinin təsisçisi və İdarə Heyəti sədrinin müavini, “Kapital Bank” ASC-nin Komplayens departamentinin direktoru Almaz Musayeva Assosiasiyanın məqsəd və fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. O qeyd edib ki, Assosiasiya komplayens sahəsində peşəkar bilik və bacarıqların artırılmasını, dövlət qurumları ilə biznes arasında dialoqun gücləndirilməsini, eləcə də dürüstlük, hesabatlılıq və etik davranış prinsiplərinin təşviqini hədəfləyir.
Assosiasiyanın ilk rəsmi tədbiri komplayens sahəsində təcrübə mübadiləsi və peşəkar əməkdaşlıq üçün mühüm platforma yaradaraq gələcək birgə təşəbbüslərin müzakirəsinə imkan verib.
Komplayens prinsiplərinin biznes proseslərinə inteqrasiyası risklərin daha səmərəli idarə olunmasına, şəffaflığın gücləndirilməsinə və tərəfdaşlar arasında etimadın möhkəmlənməsinə xidmət edir. Assosiasiya bu yanaşmanın Azərbaycanda peşəkar səviyyədə inkişafına və məsuliyyətli biznes mühitinin formalaşmasına töhfə verməyi qarşıya məqsəd qoyur.




















