“SAM-ın Şərhləri” jurnalının növbəti sayı nəşr edilib – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan “SAM-ın şərhləri”nin yeni sayı işıq üzü görüb.
1news.az-a Strateji Araşdırmalar Mərkəzindən verilən xəbərə görə, SAM-ın İqtisadiyyatın təhlili şöbəsinin Aparıcı elmi işçisi Gülmira Rzayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi İlqar Qurbanovun birgə müəllifi olduğu bu nəşr uzun müddət davam edən müzakirə, məsləhətləşmə, müsahibə və tədqiqatların, eyni zamanda, müəlliflərin birgə tərəfdaşlığının nəticəsidir.
Beş fəsildən ibarət olan nəşrin tədqiqat sahəsi Gürcüstan olduğundan, ölkənin qaz diversifikasiya siyasəti və bu kontekstdə xarici aktorların (Azərbaycan, Rusiya və İranın) rolu müəlliflər tərfindən xüsusilə araşdırılıb. Tədqiqat işinin əsas məqsədi Gürcüstanın qaz diversifikasiyası siyasəti seçimlərini iqtisadi cəlbedicilik, siyasi potensial, nəqliyyat (infrastruktur) bağlantısı, enerji təhlükəsizliyi və xarici aktorlar kontekstindən nəzərdən keçirməkdir.
Bununla yanaşı, Gürcüstanın enerji sektoru (enerji balansı, enerji tələbatı, qaz tədarükçüləri, mənbələri və s); Gürcüstanın enerji bazarında Azərbaycanın rolu, mövcud boru kəmərləri və müqavilələri; Rusiya və Gürcüstan arasındakı qaz ixracı və tranzit razılaşmasının yenilənməsi ilə bağlı danışıqlar, Gazpromun Gürcüstanın qaz sektorundakı maraqları və Gürcüstan ictimaiyyətinin məsələ ilə bağlı reaksiyası; İranın Gürcüstana qaz ixracının araşdırılması və Ermənistanın bu kontekstdə potensial roluna dair mövzular da müxtəlif fəsillərdə əksini tapıb.
Qeyd edək ki, nəşrin fəsil və alt fəsilləri daha əvvəl müəlliflər tərəfindən müxtəlif dövrlərdə edilmiş fərdi və müstəqil tədqiqatların nəticəsidir.
S.Xankişiyeva