YARAT İlk “M.A.P” Bakı İncəsənət Festivalını təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

YARAT İlk “M.A.P” Bakı İncəsənət Festivalını təqdim edir

16:56 - 13 / 10 / 2017
YARAT İlk “M.A.P” Bakı İncəsənət Festivalını təqdim edir

YARAT Müasir İncəsənət Məkanı  İlk 1-6 noyabr tarixlərində “M.A.P” Bakı İncəsənət Festivalı keçirir.

Bu barədə 1news.az-a YARAT-ın ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Məlumatda deyilir ki, vaxtı ilə Azərbaycan teatrını yaradan dahi insanlar sənət vurğunu idilər. Onların teatr ilə böyük ümidləri hədsiz-hüdudsuz idi. Onlar əmin idilər ki, hər bir xalqın teatrı – onun mənliyinin güzgüsüdür. Onların yatıb belə yuxularına girməzdi ki, elə bir vaxt gələcək ki, xalq teatra tam laqeyd olacaq və onların nəvə-nəticələri sosial şəbəkələrdəki ünsiyyəti  sənətdən üstün tutacaqlar.

Bu fenomeni araşdıranlar teatr böhranından, internetin təsirindən və zamanın tələblərindən nə qədər danışsalar belə, biz YARAT olaraq əminik ki, teatr bizə hava və su kimi lazımdır. Noyabrın 1-dən başlayan 1-ci “M.A.P” Bakı İncəsənət Festivalı, bənzəri və oxşarı olmayan fantastik bir layihədir. Festivalın bədii amalı və yüksək hədəfi ilk növbədə gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir. Məhz bu səbəbdən biz teatr banilərimizin maarifpərvər ideyalarına üz tuturuq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdiririk, musiqi ilə səhnə arasında olan dərin əlaqələri aşkarlayırıq.

Sözsüz, teatrı yaradan da, yaşadan da bu sənətə məcnunsayağı vurğun olan insanlardır. Bizim festivalın əsas qəhrəmanları da məhz belə şəxsiyyətlərdir.

Onların istedadı, peşəkarlığı elə bir təsir qüvvəsinə malikdir ki, həm gəncləri, həm yaşlı nəsli öz ovsunu ilə alacaqdır. Sizdən gəlmək, bizdən sizi məftun etmək! Səbirsizliklə sizi gözləyirik.

“M.A.P” Bakı İncəsənət Festivalı “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Tamaşalar:

“Bir əsgərin hekayəti” - balet-tamaşasının premyerası, bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov (Azərbaycan)

“Gülməli adamın yuxusu” – “Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya)

“Ked” – “Praktika” teatrı (Rusiya)

“Troya zövcələri” – “Royal District” teatrı (Gürcüstan)

“Birgə yaşama” - “Eskizı v prostranstve” aktyor qrupu (Rusiya)

“Sovrulanlar” baleti – “Novıy Balet” teatrı (Rusiya)

“Çevrilmə” baleti – “Novıy Balet” teatrı (Rusiya)

“Bolero” baleti – “Novıy Balet” teatrı (Rusiya)

Ustad dərslər:

“Gaga Intensive” müasir rəqs məktəbinin (İsrail) üçgünlük ustad dərsi

Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya)

Mühazirələr:

Aktyor və rejissor Oleq Lyubimovun mühazirəsi (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya)

Səhnə dekoratoru, rəssam Alisa Malikovanın mühazirəsi (“Praktika” teatrı, Rusiya)

Konsert:

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Bencamin Britten – “Frenk Bric mövzusuna dair variasiyalar”

Sofiya Qubaydulina – “Fachwerk”

Dirijor - Yalçın Adıgözəlov

Solist - Roman Yusipey (Almaniya)

“M.A.P” Bakı İncəsənət Festivalı haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə:

+994 50 289 31 32

1news.az

Paylaş:
961

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər