Azərbaycana qarşı açıq çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib – ADLAR

Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində tədbirləri davam etdirir.
Bu çərçivədə, 16 oktyabr 2026-cı il tarixində Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
İbtidai istintaq zamanı əldə edilmiş sübutlara əsasən, Türkiyə Respublikasında fəaliyyət göstərən bir sıra şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ölkədə dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar hazırlayaraq yaymalarına dair əsaslı şübhələr müəyyən edilib.
İstintaq materiallarına əsasən, həmin şəxslərin çıxış və paylaşımları yalnız ayrı-ayrı şəxslərin dini baxışlarını ifadə etməsi və ya dövlət orqanlarının fəaliyyətini tənqid etməsi ilə məhdudlaşmır. Materialların məzmununda zorakılığa və dövlətin konstitusiya quruluşunun qanunsuz yollarla dəyişdirilməsinə çağırışların əlamətləri mövcuddur.
Bu əməllərə hüquqi qiymət verilərkən yayılan materialların məzmunu, ifadələrin işlədildiyi kontekst, onların ictimaiyyətə çatdırılma üsulu, auditoriyası, yayılma xüsusiyyətləri və digər hallar araşdırılıb.
İstintaqın hazırkı mərhələsində toplanmış sübutlara əsasən, Türkiyə Respublikasında yaşayan və fəaliyyət göstərən aşağıdakı şəxslərin qeyd olunan əməllərdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib:
1. 1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya;
2. 1981-ci il təvəllüdlü, “Köklü Değişim” nəşrində yazıçı və “Değişim TV”nin aparıcısı olan, Abdullah İmamoğlu adı ilə də tanınan Zəkəriyyə Cəran;
3. 1976-cı il təvəllüdlü, “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan’la Analiz Merkezi” proqramının müəllifi Fatih Tezcan;
4. 1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri Ahmet Şanlı;
5. 1971-ci il təvəllüdlü araşdırmaçı Fahrettin Taşkaya Saral;
6. 1975-ci il təvəllüdlü, “Abdurrahman Tumer” adlı şəxsi Facebook profilinin sahibi Abdurrahman Tumer;
7. Moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu.
Məlumata görə, həmin şəxslərin sentyabrın 25-dən oktyabrın 18-dək “X”, “Facebook”, “Instagram”, “YouTube”, “TikTok” sosial şəbəkələrində və digər internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş, dini radikalizm məzmunlu çıxışlar etdiklərinə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaq materiallarına əsasən, onlar həmin çıxışlarla yanaşı, bu xarakterli çoxsaylı foto, video və digər materialları geniş auditoriyanın izlədiyi internet resurslarında yayıb, açıq çağırışlar ediblər.
Bundan başqa, Rıdvan Kaya 3 oktyabr 2026-cı il tarixində Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunun qarşısında keçirilən aksiyada iştirak edərək hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar edib və dini radikalizm məzmunlu çıxışlar səsləndirib.
Həmçinin Rıdvan Kaya və Zəkəriyyə Cəran 13 oktyabr 2026-cı il tarixində Azərbaycanın Türkiyənin Ankara şəhərində yerləşən səfirliyinin qarşısında keçirilən aksiyada hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar edib, dini radikalizm məzmunlu çıxışlar ediblər.
Həyata keçirilən prosessual tədbirlər
Baş Prokurorluğun məlumatına görə, qeyd olunan 7 şəxs 19 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər:
- 281.2-ci maddə – Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların təkrar törədilməsi;
- 283.2.1-ci maddə – dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması;
- 167-3.1-ci maddə – dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması.
İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib və həmin şəxslər beynəlxalq axtarışa veriliblər.
Hazırda təqsirləndirilən şəxslərə aid edilən əməllərin bütün hallarının, o cümlədən çağırışların məzmununun və yayılma şəraitinin obyektiv, tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Bununla yanaşı, müvafiq materialların müəllifliyinin müəyyən edilməsi, elektron sübutların toplanması və yoxlanılması, habelə cinayət işi üçün əhəmiyyət kəsb edən digər halların aydınlaşdırılması istiqamətində tədbirlər görülür.
Eyni zamanda, cinayət işi üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə beynəlxalq hüquqi yardım və əməkdaşlıq mexanizmlərindən istifadə olunur, Türkiyə Respublikasının və digər tərəfdaş dövlətlərin aidiyyəti səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət təmin edilir.
Baş Prokurorluqdan çağırış
Baş Prokurorluq bir daha diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə hər kəsin vicdan və dini etiqad azadlığı, fikir və söz azadlığı, habelə qanuni vasitələrlə öz ictimai-siyasi mövqeyini ifadə etmək hüququ təmin olunur.
Bununla yanaşı, həmin hüquq və azadlıqların həyata keçirilməsi dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin qızışdırılmasına, eləcə də dini ekstremist fəaliyyəti həyata keçirməyə açıq çağırışlar edilməsinə hüquqi əsas vermir.
Qeyd olunub ki, internet resursları, sosial şəbəkələr, videoplatformalar və digər elektron kommunikasiya vasitələri ilə bu xarakterli çağırışların hazırlanması və yayılması qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Baş Prokurorluq vurğulayıb ki, Azərbaycan Respublikasının konstitusiya quruluşuna və ictimai təhlükəsizliyinə qarşı yönəlmiş, habelə dini zəmində zorakılığı və düşmənçiliyi təşviq edən qanunazidd əməllərlə bağlı məlumatlar araşdırılır.
Şəxslərin vətəndaşlığından, yaşadıqları ölkədən, ictimai statusundan və istifadə etdikləri informasiya platformasından asılı olmayaraq, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcək.











