Ariel Koen: Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb
Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb, silaha pul xərcləməyin deyil.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu təbii ehtiyatlar və geosiyasət Mərkəzinin direktoru, Qlobal təhlükəsizliyin təhlili İnstitutunun aparıcı eskperti, "International Market Analysis" şirkətinin təsisçisi Ariel Koen deyib:
"Ermənistan son illər Rusiyadan böyük miqdarda silah alıb. Azərbaycan öz növbəsində, 5 milyard dollara qədər məbləğdə silahı alıb, bu da İsrailə məxsus olan silahının miqdarı ilə, demək olar ki, eynidir".
Ekspert bildirib ki, alınan silahların keyfiyyəti və sayına görə Ermənistan Azərbaycanla müqayisə oluna bilməz.
"100 milyon dollarlıq silah Ermənistanın silahlanma üzrə Azərbaycandan geri qalmasına heç bir təsir göstərməyəcək", - deyə qeyd edən ekspert əlavə edib ki, bu uzanmış münaqişəni həll etməyin vaxtı çatıb.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.
S.Xankişiyeva