Aprel döyüşləri zamanı başından yaralanan qazi: İndi doyunca başımı qaşıyıram – FOTO
2016-cı ilin aprel döyüşləri zamanı başından yaralanan Yaşar Ağayev 46 gün komada qaldıqdan sonra ayılanda başının yarısı yox idi.
1news.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bir müddət nitq qabiliyyətini, eləcə də bədəninin sol tərəfini işlədə bilməyən Yaşar Azərbaycanda bir neçə əməliyyat keçirdikdən sonra Türkiyəyə göndərilir.
Bu ilin 25 sentyabrında Türkiyədə əmliyyat olunan qazinin başına 3D printerdə istehsal edilən süni baş qapağı yerləşdirilir. Həkimlər əməliyyatdan əvvəl Yaşarın başını qaşımasını qadağan etmişdilər. İndi isə o, başını doyunca qaşıyır.
Yaşar Ağayev həyatının bu çətin anında belə ailəsini düşünürdü.
“Mən bir dəfə acı çəkdim, ailəm isə hər zaman acılar içində idi. Anamın yanında başı açıq gəzə bilmirdim, hər zaman papaq geyinirdim. Çünki anam məni görcək narahat olaraq ağlayırdı”, - deyə o, bildirir.
Türkiyədə əməliyyat olunan Yaşar nəticənin bu qədər ürəkaçan olacağına inanmırdı. Əməliyyatdan sonra başının son halını ilk dəfə qardaşının telefon vasitəsilə çəkdiyi fotodan görür.
S.Xankişiyeva