Millət vəkilləri: Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyi artıracaq | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkilləri: Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyi artıracaq

17:55 - 17 / 10 / 2017
Millət vəkilləri: Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyi artıracaq

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilməkdədir. Yeni situasiyaya və çağırışlara cavab verən bu islahatlar ölkəmizin daha da inkişafına yönəlib. İslahatların idarəetmə sistemini də  əhatə etməsi şübhəsiz ki, bu sahədə paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, dinamikliyə, mobilliyə, daha çevik, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir.

İdarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən bu mühüm islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır. Struktur islahatlarına xüsusi diqqət yetirən dövlət başçısı öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var. Prezident vurğulayıb ki, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir: “Bəzi hallarda bir sıra qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. Biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik”.

Xatırladaq ki, ötən il sentyabrın 26-da keçirilən referendumda Konstitusiyaya edilməsi nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı qəbul olunacağı təqdirdə həmin dəyişikliklərin Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsində də mühüm rol oynayacağı ilə bağlı fikirlər səsləndirilmişdi.

Son bir neçə ay ərzində artıq bu istiqmətdə yeniliklər baş verib. Belə ki, prezidentinin 2017-ci il 23 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin, bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib.

Onu da vurğulamaq lazımdır ki, Nazirlər Kabineti bu vaxta qədər sabiq Baş nazir Surət Hüseynovun 1994-cü ildə təsdiq etdiyi Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Qeyd edilən fərmanda Azərbaycan prezidentinin verdiyi tapşırıqdan sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” layihələri qısa müddətdə hazırlandı və dövlət başçısının 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə təsdiq edildi. Bu sənədlər Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi, operativliyinin təmin edilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə qəbul olunub.

Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara münasibət bildirən millət vəkili Aydın Mirzəzadə 1news.az-a bildirib ki, Azərbaycan bir qayda olaraq cəmiyyətin müxtəlif sahələrində islahatlar aparılmasına üstünlük verir. Onun sözlərinə görə, zaman yetişdikcə artıq müəyyən radikal addımların atılması ehtiyacı yarandıqda, biz bunun şahidi oluruq:

“Xüsusilə də ölkə başçısı İlham Əliyev bu məsələdə həmişə hər bir kəsə nümunə olub. Azərbaycanda idarəetmənin təkminləşdirilməsi, lüzumsuz idarəetmə halqalarının ləğv edilməsi, idarəetmənin çevik, vətəndaşa daha yaxın olması istiqamətində çox işlər görülüb”.

Millət vəkili əlavə edib ki, buna nümunə olaraq həm Prezident Adminstrasiyasında, həm Nazirlər Kabinetində aparılan islahatları da göstərə bilərik: “Bu gün artıq fəaliyyətinə ehtiyac olmayan şöbələrin ləğv edilməsi, birləşdirilməsi, artıq ştatların ləğv edilməsi buna yaxşı nümunədir. Bu islahatlar bir tərəfdən dövlət vəsaitinin qənaət edilməsinə şərait yaradır, digər tərəfdən isə dövlət siyasətinin həyata keçirilməsində çeviklik və dinamikliyin artmasında çox böyük kömək olur. Bu istiqamətdə görülən işlər öz nəticəsini verir. Sahibkarlığa diqqət artır, dövlət büdcəsi daha səmərəli istifadə olunmağa başlayır. Hansısa problemlərin ortaya çıxarılması və onların həlli istiqamətində addımlar atılmasına şərait yaradılır. Bir sözlə, birmənalı şəkildə demək olar ki, Azərbaycanda islahatlar ilk növbədə idarəetmə sistemində özünü göstərir”.

Millət vəkili Azər Badamov  isə 1news.az-a bildirib ki, Azərbaycanda yeni idarəetmə sistemi formalaşır. Nazirlər Kabinetində aparılan struktur islahatları da idarəçilikdə effektivliyin artırılması istiqamətində çox mühüm addımdır. Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimiz möhkəmlənib, və inkişaf edir, idarəetmə sistemi də təkmilləşir.

Onun sözlərinə görə,  son dövrlər ayrı-ayrı təşkilatlar birləşir və yeni iqtisadi situasiyaya uyğun olaraq yeni qurumlar yaradılır: “Yəni ölkəmizdə iqtisadi islahatlar aparıldığı kimi struktur islahatları da aprılır. Aparılan bu struktur islahatları çərçivəsində isə bəzi strukturlarda bir-birini təkrarlayan şöbələr birləşdirilir, təkmilləşmələr aparılır, struktur gəncləşir. Bu da idarəetmə sistemini operativləşdirir və daha çevik işləməsinə şərait yaradır”.

Millət vəkili xatırladıb ki, ötən il sentyabrın 26-da keçirilən Konstitusiyaya dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinə uyğun olaraq ölkəmizdə bəzi struktur dəyişiklikləri baş verdi. Bu dəyişikliklərdən biri də Nazirlər Kabinetinin fəaliyyətinin təkminləşdirilməsi ilə əlaqədardır: “Düşünürəm ki, Nazirlər Kabinetində aparılan struktur islahatları da qeyd etdiyim məqsədə xidmət edir və bu qurumun fəaliyyətinin səmərəliliyini daha da artıracaqdır”.

1news.az

 

Paylaş:
456

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər