Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib - FOTO
Oktyabrın 18-də Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib. Tədbirdə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının, bir qrup hərbiçiyə isə Ali Məclis Sədrinin hədiyyələrinin təqdimatı olub.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş hazırlıqlarının həyata keçirilməsində əldə etdikləri nailiyyətlərə, xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə bir qrup hərbi qulluqçuya “Şücaətə” görə və “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarını, bir qrup hərbi qulluqçuya isə vaxtından əvvəl hərbi rütbələri təqdim edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Təlim-Tədris Mərkəzinin açılışını bildirən lenti kəsiblər. Mərkəzlə tanışlıq zamanı qeyd olunub ki, 3 mərtəbədən ibarət olan binada simulyasiya mərkəzi, trenajor zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, mətbəə, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulubdur.
Tədbir zalına baxış zamanı Əlahiddə Ümumqoşun Ordunun keçdiyi inkişaf yolundan bəhs edən film göstərilib. Kitabxanada Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları qoyulub.
1news.az