Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı artıq Kurık limanındadır
Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək Kustanay stansiyasından Türkiyənin Mersin şəhərinə taxıl aparan ilk yük qatarı artıq Qazaxıstanın Kurık limanındadır.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə “ADY Ekspress”dən məlumat veriblər.
Məlumat verilib ki, yük qatarı Xəzər dənizində yeganə bərə operatoru olan “Azərbaycan Xəzər dəniz Gəmiçiliyi” QSC-nin gəmi-bərəsi vasitəsilə Bakı limanına nəql ediləcək.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək ilk yük qatarı oktyabrın 24-də Qazaxıstanın Kustanay stansiyasından Kurık limanına yola salınıb. İlk qatar Bakı Beynəlxalq Dəniz Ticarət Limanından oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək.
Babək Cahandarov