Xəzər İbrahim: Azərbaycan və Türkiyə prezidentləri yeni layihələri müzakirə edəcək
Bakı-Tbilisi-Qars dəmir yolu xətti yalnız Azərbaycan və Türkiyəni deyil, Pekindən Londona qədər geniş coğrafiyanı qısa bir yol ilə birləşdirəcək.
1news.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər bildirib.
O deyib ki, Azərbaycanın strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlər xüsusidir:
“İki dövlətin əlaqələri çoxistiqamətli və münasibətlərimiz dinamik inkişaf edir. Bakıda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısında iki ölkə arasında qlobal əhəmiyyətə malik olan məsələlər və layihələr müzakirə olunacaq, gələcək planlar cızılacaq”.
İqtisadi əməkdaşlıqdan da danışan X.İbrahim vurğulayıb ki, Yaxın Şərqin və Cənub-Şərqi Avropanın ən iri iqtisadiyyatına malik olan ölkə ilə Cənubi Qafqazın lider dövləti Azərbaycan arasında ticarət dövriyyəsi artır, nəticədə yeni regional reallıqlar yaranır.
Hərbi sahədə əməkdaşlığa toxunan diplomat əlavə edib ki, dünyanın ən güclü ordularından birinə malik olan Türkiyə ilə regionun ən müasir ordusuna sahib olan Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi Qara dənizdən Xəzər dənizinə qədər olan coğrafiyanın təhlükəsizliyə əhəmiyyətli töhfə verir.
Diplomat onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Prezident Ərdoğanın Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında qəbul edəcəkləri qərarlar "bir millət iki dövlət" ifadəsini bir daha isbat edəcək, eyni zamanda bölgənin gələcəyinə də çox ciddi təsir göstərəcək.
P.Sultanova