Senat: Ermənistanın işğal olunmuş torpaqlarda dini-mədəni abidələri dağıtması qəbuledilməzdir
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkə Senatının sədr müavini Mövlana Abdul Qafur Heydəri ilə görüşüb.
1news.az-a səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələr, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolu, hər iki ölkənin nüfüzlu beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı qeyd olunub.
Pakistan Senatının xarici əlaqələr komitəsi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımının tanınması və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin qəbul edilməsinin yüksək qiymətləndirildiyi, Ermənistanın işğal olunmuş qədim Azərbaycan torpaqlarında islam aləminə aid dini-mədəni abidələri dağıtmasının və ya təhqirə məruz qoymasının qəbuledilməz olduğu vurğulanıb.
Azərbaycan Prezidentinin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunduğunu bildirən Ə. Əlizadə Azərbaycanın islam ölkələri, o cümlədən Pakistanla əlaqələrin inkişafına daim xüsusi önəm verdiyini, cari ildə İslam Həmrəyliyi oyunlarının Bakıda, həmçinin, müxtəlif tədbir və konfransların ölkəmizdə, eləcə də bir sıra xarici dövlətlərdə Azərbaycanın təşkilatçılığı ilə keçirildiyini və Pakistanın da bu tədbirlərdə təmsil olunduğunu diqqətə çatdırıb.
Pakistan Senatının sədr müavini, Pakistanın nüfuzlu din alimlərindən sayılan Mövlana Abdul Qafur Heydəri Pakistanın Azərbaycanı özünə qardaş ölkə hesab etdiyini, islam ölkələri arasında birlik və əməkdaşlığın möhkəmlənməsinin vacib olduğunu, Pakistan-Azərbaycan münasibətlərinin buna bir nümunə sayılacağını, hökümətlərarası əlaqələrlə yanaşı xalqlarımız arasında əlaqələrin daha da artırılması gərəkdiyini qeyd edib, beynəlxalq və regional məsələlərdə Azərbaycanın da Pakistana verdiyi dəstəyin dostluq və qardaşlığın bir təzahürü kimi qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə həmçinin, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin daha da artırılması, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi məsələri ilə bağlı da fikir mübadiləsi aparılıb.
P.Sultanova