Ermənilər NATO PA seminarında Dağlıq Qarabağla bağlı müzakirələri pozmağa cəhd ediblər
NATO Parlament Assambleyasının (PA) Sloveniyada keçirilən 96-cı “Rose Roth” seminarında Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması məsələsi müzakirə olunub.
1news.az xəbər verir ki, seminarda Azərbaycanı təmsil edən Milli Məclisin nümayəndə heyətinin rəhbəri, deputat Məlahət İbrahimqızı APA-ya bildirib ki, “Qərbi Balkanlarda keçmiş yanlışlıqlar, mövcud çağırışlar və gələcək cəhdlər” adlı toplantıda Azərbaycanın Ermənistan tərəfindən 25 ildən çoxdur işğala məruz qalması, bir milyondan çox qaçqın və köçkünün taleyi, maddi-mənəvi abidələrin ermənilər tərəfindən dağıdılması məsələsi qaldırılıb.
M. İbrahimqızı məruzə təqdim edərək bildirib ki, dəfələrlə BMT Təhlükəsizlik Şurası da daxil bir sıra beynəlxalq təşkilatlarda bu məsələ qaldırılsa da, Ermənistana faktiki olaraq heç bir real təsir göstərilməyib: “Artıq biz həmin beynəlxalq təşkilatların laqeydliyini görüb etirazımızı bildiririk. BMT Baş Assambleyasının sessiyasında da Azərbaycan prezidenti bunu açıq formada bildirdi. Bizə qarşı açıq ikili standartlar, Ermənistanın işğal faktına laqeydlik göstərilir”.
Deputat Kataloniya məsələsinə toxunaraq qeyd edib ki, Dağlıq Qarabağ separatçıları tərəfindən qanunsuz seçkilər keçirilir: “Azərbaycan 25 ildən çoxdur separatçılıqdan əziyyət çəkir. Ölkəmizin buna görə bir milyondan çox qaçqın və məcburi köçkünü var”.
Deputatın çıxışının ardınca Ermənistan nümayəndə heyətinin üzvü Karhun Nahaetyan seminar moderatorlarından mövzunu dəyişməyi tələb edib, Azərbaycanın işğala məruz qalması ilə bağlı müzakirələri pozmağa cəhd edib. Lakin onun səyləri nəticə verməyib.
Seminarın aparıcısı, NATO PA təmsilçisi Matej Tonine Azərbaycan nümayəndə heyətinin iradından sonra azərbaycanlı rəsmilərdən buna görə üzr istəyib, erməni deputatlara irad tutacaqlarını bildirib. NATO rəsmisi bu halı ikili standart kimi yox, Ermənistan nümayəndə heyətinin aqressiv reaksiyası kimi qəbul etməyi xahiş edib.
Seminar sabah davam edəcək.
1news.az