Ziyafət Əsgərov Tacikistan parlamenti sədrinin müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ziyafət Əsgərov Tacikistan parlamenti sədrinin müavini ilə görüşüb

18:58 - 10 / 11 / 2017
Ziyafət Əsgərov Tacikistan parlamenti sədrinin müavini ilə görüşüb

Noyabrın 10-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ziyafət Əsgərov bu ölkənin siyasi həyatında taleyüklü rol oynamış Tacikistan Ali Sovetinin tarixi XVI sessiyasının 25-ci ildönümü münasibətilə qonağa təbriklərini çatdırdı. O, son 25 ildə Tacikistanın dayanmadan inkişaf etdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının dostluğu əlaqələrin inkişafında böyük rol oynayır.

Birinci vitse-spiker parlamentlərarası əlaqələrin genişləndirilməsi, deputatların görüşlərinin və ikitərəfli qarşılıqlı səfərlərin artırılmasının vacibliyindən söz açdı. Z.Əsgərov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etdi.

Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev bildirdi ki, ta qədimlərdən Tacikistanla Azərbaycanı birləşdirən tellər var. Bu gün də ölkənin məktəblərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı tədris olunur. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin genişləndirilməsi üçün potensialımız böyükdür. Ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna rolu var. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirir.

Milli Məclisin deputatlarını ölkəsinə dəvət edən qonaq Tacikistan Ali Sovetinin XVI sessiyasının 25-ci ildönümü münasibətilə söylənən fikirlərə görə xüsusi minnətdarlığını bildirdi.

Görüşdə Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli də iştirak edib.

1news.az

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər