Masallı rayonu ərazisində kurqanlar aşkar edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallı rayonu ərazisində kurqanlar aşkar edilib – FOTO

11:33 - 17 / 11 / 2017
Masallı rayonu ərazisində kurqanlar aşkar edilib – FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kənd yolunun sol tərəfində, eyniadlı çayın sağ sahilində, Lənkəran ovalığında, Talış dağlarının ətəklərində yerləşən kurqan tipli qəbir abidələri aşkar edilib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, bu torpaq örtüklü kurqanların diametri 45-50 m, uzun illər təsərrüfat işləri zamanı ciddi dağıntılara məruz qalmalarına baxmayaraq üst örtüyünün saxlanılmış hündürlükləri isə 4-5 metrə çatır.

Dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə salınmış bu qəbir abidələrinə kəndin ərazisində tək-tək hallarda rast gəlinir. Kurqanların düzülüşü əsasən şərq-qərb istiqamətlidir.

A.Ağalarzadə bildirib ki, ilkin ehtimala görə, bu abidələr tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərinə, yəni, e.ə. II minilliyin sonu  I minilliyin əvvəllərinə aid edilir.

Tədqiqatçı qeyd edib ki, Azərbaycanın cənub bölgəsində mövcud olan tunc-ilk dəmir dövrü kurqanları ibtidai icma quruluşu cəmiyyətlərinin bəhs olunan dövrdəki mənəvi mədəniyyətlərini və dəfn adətlərini izləməyə imkan verir. Dağlıq bölgə ilə dağətəyi zonanın qəbir abidələri bir vəhdət təşkil etməklə tunc - erkən dəmir dövrü cəmiyyətlərinin sosial-iqtisadi, ictimai münasibətlərinin və başlıca olaraq qədim tayfaların təsərrüfat həyatı haqqında məlumatlar əldə etmək üçün çox böyük əhəmiyyət kəsb edir.

Cənub bölgəsinin dağlıq zonaları üçün daş örtüklü kurqanlar xarakterik olsa da, dağətəyi və aran bölgəsi üçün torpaq örtüklü kurqanlar üstünlük təşkil edir. Bütün bu fərqlilik abidələrin yerləşdiyi arealda aydın müşahidə olunur.

“Gələcəkdə aparılacaq sistemli arxeoloji qazıntılar nəticəsində Bədəlan kurqanlarının daha dəqiq tarixi-xronoloji çərçivəsini müəyyən etmək və dəfn adətlərinin xüsusiyyətlərini izləmək mümkün olacaqdır” - deyə tədqiqatçı qeyd edib.

1news.az

Paylaş:
1457

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər