“Yüksəliş” müsabiqəsi dövlət və özəl qurumlarla birgə layihələr həyata keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” müsabiqəsi dövlət və özəl qurumlarla birgə layihələr həyata keçirəcək

1news Redaksiyası12:32 - Bu gün
“Yüksəliş” müsabiqəsi dövlət və özəl qurumlarla birgə layihələr həyata keçirəcək

“2019-cu ildən həyata keçirilən “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafı, yeni kadr bankının formalaşdırılması və müasir texnologiyaların tətbiqi istiqamətində mühüm yeniliklərə imza atıb.

1news.az xəbər verir ki, bunu “Yüksəliş Seminariyası”nın açılış mərasimində çıxış edən “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

O bildirib ki, müsabiqə Prezidentin sərəncamı əsasında və Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilir.

““Yüksəliş” müsabiqəsi ölkədə insan kapitalına, onun inkişafına qoyulan investisiyanın dəyərindən bəhs edir. Müsabiqə yeni kadr bankının formalaşdırılması, insan kapitalının müasir texnologiyalar vasitəsilə ölçülməsi istiqamətində kifayət qədər yeniliklərə imza atıb”, - deyə Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, müsabiqənin ilk günündən ən müasir texnologiyalardan istifadə olunur.

“‘Yüksəliş’ ilk dəfə 10 mindən artıq insanın eyni anda kompüter vasitəsilə imtahan verməsini təmin edib. Ölkədə ilk dəfə testlərin şkala üzrə qiymətləndirilməsi tətbiq olunub, yarımfinal və final mərhələlərində qiymətləndirmə konfransları keçirilib. Son 3-4 ildə isə müsabiqə tamamilə yerli ekspertlər tərəfindən hazırlanır və həyata keçirilir”, - deyə o qeyd edib.

Fərhad Hacıyev vurğulayıb ki, “Yüksəliş” müsabiqəsi hazırda yeni mərhələyə qədəm qoyub və bu çərçivədə “Yüksəliş” imtahanının rəsmi açılışı olub.

“‘Yüksəliş’ imtahanının əsas məqsədi əldə olunan bilikləri ötürməkdir. İmtahan vasitəsilə təlimlər, praktiki məşğələlər, dövlət və özəl qurumlarla birgə layihələr həyata keçirməyi planlaşdırırıq. İnanıram ki, bu təşəbbüs uğurlu olacaq. Bu günə qədər ‘Yüksəliş’ müsabiqəsinə 47 mindən artıq müraciət daxil olub. Bu, kifayət qədər böyük potensialdır. İştirakçılar ali təhsilli, əmək fəaliyyəti ilə məşğul olan insanlardır. Beləliklə, biz 47 min insana, eləcə də onların təmsil etdikləri qurumlara çıxış imkanına malikik. Çalışacağıq ki, həm həmin qurumlar bu fəaliyyətdən faydalansın, həm də özümüz inkişaf edərək yeni təlim proqramları yaradaq”, - deyə o bildirib.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər