Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsi Putin planı üzrə mərhələli variantda reallaşdırılır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsi Putin planı üzrə mərhələli variantda reallaşdırılır

10:50 - 29 / 11 / 2017
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsi Putin planı üzrə mərhələli variantda reallaşdırılır

Rəsmi İrəvan özünəxas metodla Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona gətirdiyi Putin planını açıqladı: Dağlıq Qarabağ tənzimlənməsi mərhələli variantda reallaşdırılır.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı xəbəri şərh edərkən bildirib:

“Dağlıq Qarabağ tənzimlənməsinə dair Putin planında məsələlər iki böyük qrupda cəmləşdirilib

Bu qrup özü 3 tərkib hissədən ibarətdir:

- Ətraf rayonlardan 5-i və Laçın rayonunun bir qisim kəndləri ilkin olaraq Azərbaycana qaytarılır.

- Dağlıq Qarabağ ermənilərinə müvəqqəti status verilir. Status ATƏT-də qeydə alınır. Müvəqqəti statusda məqsəd Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasına şərait yaratmaqdır.

-  Ermənistan cəmiyyətini sakitləşdirmək üçün tədbirlər reallaşdırılır. Bunu rəsmi Yerevan özü Putindən xahiş edib: a) Lazım gələcəyi təqdirdə KTMT Ermənistanın daxilinə qoşun yeridə bilər. b) Aİ ilə Ermənistan arasında “Çərçivə sazişi”nin imzalanmasına RF-in maneçilik etməməsi də Ermənistan cəmiyyətinin sakitləşdirici tədbirlər siyahısındadır. c) Ermənistan ABŞ-la da bir neçə birgə layihə reallaşdıra bilər.

Bu qrupa aid məsələlər də 3 addıma bölünür:

-  Laçının qalan hissəsinin və Kəlbəcərin Azərbaycana qaytarılması və Laçın dəhlizinin texniki parametrləri razılaşdırılır.

-  Dağlıq Qarabağın statusunun müəyyən olunması istiqamətində Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri arasında məqsədyönlü layihələr reallaşdırılır.

-  Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri arasında aparılan sosioloji tədqiqatlar nəticəsində Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinin vaxtı təyin edilir.

Politoloqun fikrincə, Aİ sülhməramlı missiyanı reallaşdıracaq dövlətlərin tərkibini müəyyənləşdirib və artıq bəzi Balkan ölkələrində sülhməramlılar hazırlaşdırılır.

“Deməli, Dağlıq Qarabağ tənzimlənməsində beynəlxalq güclərin siyasi iradəsi ortalıqdadır. Ermənistanın Rusiyadan istədiyi yeganə zəmanət ərazilər Azərbaycana qaytarıldıqdan sonra Dağlıq Qarabağın statusunun referendumla müəyyən edilməsinə Azərbaycanın maneəsini neytrallaşdırmaqdır. RF Ermənistana belə zəmanət verməyib. V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində məqsədyönlü və faydalı aktivləşməsi iki sehrli cümlədə özünü ehtiva edir:

-  Putinin Azərbaycana göndərdiyi S.Lavrov:  Putin Azərbaycan Prezidentinə verdiyi bütün vədləri yerinə yetirəcək. 

- Türkiyə prezidenti R.T.Ərdoğan RF prezidenti V.Putini Dağlıq Qarabağ münaqişəsini həll etmək gücündə olan yeganə lider adlandırdı. Başqa sözlə, Türkiyə rəhbərliyi Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın xeyrinə olan mövqeyini öz adına çıxmamaq barədə öhdəlik götürdü.

Ermənistan yenilənmiş Sankt-Peterburq variantı üzrə Dağlıq Qarabağ tənzimlənməsini qəbul etmək istəmirdi, Kazan variantı üzrə tənzimlənməyə razılığını bildirmişdi. Görünür, V.Putin öz mövqeyini qəbul etdirməkdə israrlıdır. Çünki S.Sərkisyan dəfələrlə Putinin təkliflərini rədd edib.  Putin bunların hamısının əvəzini çıxacaqdır. Ermənistanın Gürcüstana təzyiq variantını gündəliyə gətirməsi də V.Putinin mövqeyini dəyişməyəcəkdir”.

S.Xankişiyeva

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər