Bakıda İƏT-ə üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin toplantısı keçirilib
Dekabrın 5-də Bakıda “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı keçirilib. İlk toplantı isə 2012-ci ildə Tehran şəhərində təşkil olunub.
1news.az xəbər verir ki, iclasda tənzimləmə, radiotezliklər, telekommunikasiya, peyk xidmətləri, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində çoxtərəfli müstəvidə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Toplantıda İqtisadi Əməkdaşlıq Təşkilatının katibliyinin, Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri, o cümlədən Türkiyə, İran, Türkmənistan, Qazaxıstan və Tacikistanın sahə üzrə rəhbər şəxsləri iştirak edib.
Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə də əməkdaşlıq edir.
İclasda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları üzrə ikinci Nazirlər Toplantısının Bakıda keçirilməsini Azərbaycan Respublikasının bir sıra mühüm regional iqtisadi və infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi əldə etdiyi uğurlarla əlaqələndirib.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini misal göstərən nazir bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir.
“Bakı-Tbilisi-Ərzurum qaz boru xətti isə 10 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Strateji əhəmiyyətli regional infrastruktur layihələrindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu dəmir yolu xətti Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin inkişafı etdirilməsi ilə yanaşı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafına da investisiya yatırır. Bu ilin oktyabrında biz Rusiya ilə birlikdə Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün təməlini qoymuşuq. Azərbaycan ərazisində “Şimal-Cənub” dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb. Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı İran İslam Respublikası ilə sıx əməkdaşlıq edirik”, -deyə nazir Ramin Quluzadə vurğulayıb.
Nazir, həmçinin Ələt qəsəbəsində inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ölkəmizin tranzit nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətindəki əhəmiyyətini vurğulayıb.
İKT sektoruna gəlincə isə nazir informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində vəzifələrin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edildiyini bildirib. O, həmçinin bu hədəflərin “İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Strategiyası” ilə üst-üstə düşdüyünü qeyd edib.
Ramin Quluzadə qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdəki Yüksək texnologiyalar parkları, innovasiya mərkəzləri, biznes inkubatorlar arasında əməkdaşlığın genişləndirilməsi, birgə startapların yaradılması ölkələrimiz arasında İKT sahəsində əməkdaşlıq istiqamətlərindən birini təşkil edə bilər. Biz, həmçinin ölkələrimiz arasında elektron ticarət həcminin artırılmasında maraqlıyıq. Bunun üçün vacib olan “Elektron imza” sertifikatlarının qarşılıqlı tanınması ilə bağlı birgə iş aparılmasını zəruri hesab edirik. Bu istiqamətdə atılacaq addımlardan biri üzv dövlətlər arasında müvafiq çoxtərəfli Sazişin imzalanması ola bilər. Əminəm ki, İƏT çərçivəsində keçiriləcək bu kimi toplantılar dövlətlərimiz arasında İKT sahəsində əməkdaşlığa təkan verəcək və effektiv platforma rolunu oynayacaq.
İƏT-in baş direktoru Xəlil İbrahim Akça nazirlərin 2-ci toplantısının Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycanla nəqliyyat və İKT sahəsində sıx əməkdaşlıq edilir. “İƏT regionunun nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi üzrə Azərbaycanla əməkdaşlıq olduqca faydalıdır. Azərbaycan Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas iştirakçısıdır”, - deyən X.Akça təşkilatın əsas məqsədinin davamlı iqtisadi artıma nail olunması, ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi olduğunu qeyd edib.
Baş direktor üzv dövlətlərdə sahə ilə bağlı qanunvericilik və tənzimləmə siyasətinin optimallaşdırılmasını, İKT üzrə çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsini vacib sayıb.
Daha sonra üzv ölkələrin (Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Tacikistan) nümayəndələri çıxış edib.
Sonda işçi qruplarının iclaslarında müzakirə olunan məsələlərin yekunu olaraq tövsiyə sənədi kimi Bakı Bəyannaməsinin qəbul olunması müzakirə edilib. Qeyd edilib ki, bugünkü müzakirələr üzv ölkələrdə İKT-nin inkişafına təkan verəcək.
1news.az