Yağış yağacaq, duman, çiskin olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağacaq, duman, çiskin olacaq

13:28 - 12 / 12 / 2017
Yağış yağacaq, duman, çiskin olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayının 13-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və  mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da,  rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.

Babək Cahandarov

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər