Tbilisi yaxınlığındakı Koroğlu qalası təmir olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Tbilisi yaxınlığındakı Koroğlu qalası təmir olunacaq

16:26 - 10 / 01 / 2018
Tbilisi yaxınlığındakı Koroğlu qalası təmir olunacaq

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığındakı Mtaçminda bələdiyyəsi ərazisindəki Koroğlu qalası təmir olunacaq və bu tarixi abidə turizm obyektinə çevriləcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Tbilisi meriyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Mtaçminda Rayon Administrasiyası ilə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbərləri arasında keçirilən görüşdə Koroğlu qalasına gedən yolun təmiri və qala ətrafında abadlıq işlərinin aparılması ilə bağlı məsələ artıq müzakirə olunub.

Mtaçminda Rayon Administrasiyasının rəhbəri David Kirkitadze deyib ki, Kodjoridəki çox vacib və mühüm əhəmiyyətə malik tarixi, mədəni abidələrdən biri olan Koroğlu qalasının turizm obyektinə çevrilməsi ideyası Tbilisidə turizmin inkişafına təkan verəcək. Bu məqsədlə həmin istiqamətdə yol nişanları, informasiya banerləri qoyulacaq. Bu həm də ölkənin vacib kurort mərkəzlərindən olan Kodjorinin inkişafına xidmət edəcək.

Məlumat üçün bildirək ki, Koroğlu qalası dəniz səviyyəsindən 1250 metr hündürlükdə yerləşir.

Qalanın dəqiq nə vaxt tikildiyi məlum deyil. Arxeoloqların fikrincə qala VII əsrin sonları IX əsrin əvvəllərində tikilib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər