Dino Ndlovu “Qarabağ”dan getdi
“Qarabağ” futbolçusu Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” klubuna satıb.
1news.az-ın Yeniçağ.az-a istinadən verdiyi xəbərə görə, Cənubi Afrika Respublika millisinin üzvü asiyalılarla 2 illik sözləşmə imzalayıb.
Bu səbəbdən futbolçu bu gün “Qarabağ”la birlikdə təlim-məşq toplanışı üçün Antalyaya yollanmayıb. O, CAR-ın paytaxtı Yoxannesburqdan Çinə uçacaq.
Bu keçidin ağdamlılara 750 min avro qazandırdığı bildirilir. Bu isə 1,5 milyon manat edir.
Bu arada, Dino Ndlovu “Qarabağ”dan ayrılması ilə bağlı sosial şəbəkədə status paylaşıb. “Karyeramı “Qarabağ”da bitirəcəyimi düşünürdüm. Ancaq bu, arzu idi” deyən futbolçu “Qarabağ” azarkeşləri ilə vidalaşaraq, Ağdam klubunda karyerasının ən gözəl dövrünü keçirdiyini bildirib:
“Hər kəsə təşəkkür edirəm. Bu klubda çox yaxşı 18 ay keçirdim, komanda ilə tarix yazdım. Karyeramın unudulmaz anları idi. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram. Azərbaycanda çoxlu yaxşı insan tanıdım. Karyeramda ən çətin qərarlardan birini verdim. Qanım “Qarabağ”ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq. Yenidən görüşənədək. Sizi sevirəm”.
“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak da Dinonun ayrılığına biganə qalmayıb. O, sosial şəbəkədə Ndlovu ilə birlikdə şəkillərini paylaşaraq, bu sözləri yazıb: “Kopenhagen”ə vurduğun qola görə təşəkkür. Uğurlar”.
Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yayrında taransfer olunmuşdu. O, “atlılar”ın heyətində meydana çıxdığı 54 oyuna 20 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
1news.az