Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi olub
Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb.
Federasiyanın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qurumun prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Ələkbərov Sahib Nurəddin oğlu tutduğu vəzifədən azad edilib.
AGF-nin I vitse-prezidenti vəzifəsinin icrası Umudov Firdovsi Qəminalı oğluna həvalə edilib.
Qeyd edək ki, Firdovsi Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçi, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.
1news.az