Qar ən çox bu ərazilərə yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 14-ü gündüzdən ayın 15-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yanvarın 14-ü gündüzdən 15-i səhərədək hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-8, Böyük Qafqazda 1-10, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi-Aran rayonlarında 1-12, Naxçıvan MR-da 2-7, Kiçik Qafqazda 2, Lənkəran-Astara zonasında 1-17 mm olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda 14, Şahdağda 12, Qırız, Kişçayda 10, Şəkidə 9, Altıağac, Xaçmaz, Lerikdə 8, Şərur, Yardımlıda 6, Qusar, Rvarudda 5, Zaqatalada 4, Qəbələ, Oğuz, Şamaxı, Quba, Kəlvəz, Xınalıqda 3, Şahbuz, Daşkəsən, Gədəbəy, İsmayıllı, Xaltan, Göytəpədə 2, Tovuz, Mərəzə, Ağdərə (Ordubad), Tərtərdə 1 sm təşkil edib.
1news.az