Növbəti erməni yalanı: Azərbaycandakı ermənilərin sayı necə şişirdilib?
Ermənistanın dezinformasiya konveyeri fasiləsiz işləyir. Belə ki, bu ilin yanvar ayının 13-də “Azərbaycan SSR-dən olan qaçqınların qurultayının koordinatoru” Mariam Avaqyan News.am saytına verdiyi müsahibədə bildirir ki, beynəlxalq təşkilatlar hələ də Bakı və Sumqayıt hadisələrinə “erməni soyqırımı elementi” kimi lazımi hüquqi qiymət verə bilməyib, “Azərbaycan ermənilərinə” dəymiş zərərin miqyası müəyyən edilməyib.
Guya “bəzi hesablamalara görə, həmin hadisələr zamanı Bakıda 9000 nəfər, Sumqayıtda isə 700 erməni öldürülüb”. Mariam Avaqyanın sözlərindən o da məlum olur ki, 1988-1990-cı illər ərzində Azərbaycanı nə az, nə də çox - 660 min nəfər erməni tərk etmişdi. Onun şəxsi “statiskasına” əsasən isə, “həmin dövrdə Azərbaycanda yaşayan ermənilərin ümumi sayının təqribən 2 milyon nəfər olması ehtimal edilir”.
Görünür, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Azərbaycan SSR-dən olan qaçqınların qurultayı” ilə müqayisədə daha “insaflı” imiş. O, hələ 2011-ci ildə “Azərbaycanı tərk edərək Ermənistana köç etmiş erməni qaçqınlarının sayının 400 min nəfər olduğunu” bildirmişdi. M.Avaqyanın növbəti narazılığı isə Azərbaycana səfərdə olan xarici nümayəndə heyətlərinin “cəlladların dəfn edildiyi Şəhidlər Xiyabanını” ziyarət etməsidir: “Ermənistan bu praktikaya son qoyulması üçün fəallığını artırmalıdır”.
Kimdir bu “cəlladlar”? Bakıda Qanlı Yanvar hadisələri zamanı həlak olmuş 147 nəfərin içərisində xeyli qoca, qadın və uşaqlar da vardı. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20 nəfəri isə uşaq idi. Azərbaycan xalqının milli-azadlıq mübarizəsinin başlanğıc tarixi olan 20 Yanvar həm də milli məfkurəmizin oyanışı kimi də dəyərlidir. Başqa sözlə, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra mümkün olmuşdu. Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı şəhidlərin ölməzlik rəmzidir. Dinindən, etnik mənşəyindən asılı olmayaraq, qanları və canları ilə dilimizə uca “şəhidlik” ifadəsini gətirən insanlar bütün Azərbaycan xalqının övladı kimi sevilir, xatirələri əziz tutulur.
Onu da xatırladaq ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində təşkil edilmiş kütləvi ixtişaşlar nəticəsində isə 32 nəfər öldürülmüş, 400 nəfər ağır bədən xəsarəti almışdı. Qətlə yetirilən ermənilərin sayı isə M.Avaqyanın uydurduğu kimi 700 nəfər deyil, 26 nəfər olmuşdu. Bu isə SSRİ hüquq-mühafizə orqanlarının apardıqları istintaq apraşdırmaları sayəsində sübuta yetirilib. İstintaq materiallarına əsasən, ixtişaşçı qrupların əsas rəhbərlərindən biri olmuş Eduard Qriqoryan şəxsən 6 ermənini qətlə yetirib. Sumqayıt hadisələrinin istintaqı cinayətin SSRİ və Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsi, Qarabağ Komitəsi, “Krunk” təşkilatı, Daşnaksütyun Partiyasının gizli ekstremist qrupları tərəfindən təşkil olunması, qarət və qətllərdə Azərbaycan dilini mükəmməl bilən etnik ermənilərin xüsusi fəallıq göstərməsi sübuta yetirib.
O da məlum olub ki, Ermənistan SSR və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Nalyotçik” kod adı altında birgə planlaşdırdıqları əməliyyatın icrasına xüsusi xidmət orqanlarının əməkdaşları ilə yanaşı erməni millətçiləri, əvvəllər məhkum olunmuş kriminal elementlər də cəlb ediliblər. Məsələn: Albert Qriqoryan, Ernest Qriqoryan və Tiqran Qriqoryan, Levon Saturyan - Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşı. Qarabağ Komitəsinin və “Krunk” təşkilatının üzvləri - Aram Zaxaryan, Suren Sarkisyan, Rudik Ambartsumyan, Albert Minasyan, Qriqori Aqadlanyan, Artur Qriqoryan və Eduard Mosesov, Engels Qriqoryan, Valeri Ambartsumyan, Mixail Gevorkyan, Zoya Maryan, Slvik Asatryan və Benik Qriqoryan və s. Zərərçəkənlərin istintaq orqanlarına verdikləri ifadələrdən o da məlum olub ki, iğtişaş qurbanları əsasən “Krunk” təşkilatına maddi yardım göstərməkdən imtina edənlərdir.
Əvvəlcə həm M.Avaqyana, həm də E.Nalbandyana orta məktəb səviyyəsində ən sadə riyazi biliklərini təzələməyi tövsiyə edirik. Azərbaycan Respublikası Statistika Komitəsinin 1989-cu il əhalinin siyahıya alınmasına dair məlumatına əsasən, həmin dövrdə Azərbaycan SSR-də ermənilərin sayı 390.505 nəfər olub. Onu da əlavə edək ki, 1989-cu il siyahıyaalınması keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin ümumi sayı 189.085 nəfərə, o cümlədən azərbaycanlıların sayı 47,6 min nəfərə, ermənilərin sayı isə 138,6 min nəfərə çatmışdı.
Ümumiyyətlə, Azərbaycanda ermənilərin ümumi sayı 1926-cı il əhalinin siyahıyaalınmasından 1989-cu ilə qədər aşağıdakı kimi dəyişib: 1926-cı ildə - 282,0 min nəfər; 1939-cu ildə - 388,0 min nəfər; 1959-cu ildə - 442,1 min nəfər; 1970-ci ildə - 483,5 min nəfər; 1979-cu ildə - 475,5 min nəfər; 1989-cu ildə - 390,5 min nəfər. İndi isə sadə hesab əməliyyatı aparaq. 1989-cu ildə Azərbaycanda yaşamış ermənilərin sayından “Qarabağ ermənilərini” çıxaq: 390,5 – 138,6 = 251,9. Eyni zamanda, bu günə qədər Bakıda yaşayan 30 000 erməni əsilli Azərbaycan vətəndaşlarını da bu rəqəmdən çıxsaq, ortada 220 min qalır. Deməli, 1989-1990-cı ildə Dağlıq Qarabağ istisna olunmaqla Azərbaycanı təxminən 220 min erməni tərk edib. Elə isə həm Mariam Avaqyanın, həm Eduard Nalbanyanın, həm də onlar kimi düşünənlərin “Azərbaycandan olan erməni qaçqınlarının sayı barədə 660 min, 400 min, hətta 2 milyon” kimi fantastik rəqəmlərin hansı statistik mənbələrdən götürmələri heyrət doğurmaya bilməz. Lakin bu qaçqınların heç də hamısı psevdo-vətəndə – Ermənistanda məskunlaşmayıblar. Həm zəlzələdən sonra yaranmış ağır sosial-iqtisadi vəziyyət, həm də yerli ermənilərin gəlmələrə aşağılayıcı münasibəti üzündən onların böyük hissəsi Ermənistanda deyil, Rusiyada, Avropa ölkələrində və s. məskunlaşmağı üstün tutublar. Ən son məlumata əsasən, hazırda Emənistanda yaşayan “Azərbaycan ermənilərinin” sayı təqribən 70 min nəfərdir.
M.Avaqyan müsahibəsində onu da etiraf edir ki, Azərbaycandan olan ermənilər Ermənistanda monolit siyasi qüvvə kimi fəaliyyət göstərə bilmirlər, Ermənistan hakimiyyəti onların sosial vəziyyətini yaxşılaşdırmaq, işlə təmin etmək, problemlərini həll etmək imkanına malik deyil. “Beynəlxalq strukturlar isə Azərbaycandan olan erməni qaçqınlarını proseslərdən təcrid etmək və onlara hər hansı bir status vermək üçün heç bir iş görməyiblər”. Üstəlik 2016-cı ilin may ayının sonlarında İrəvandakı “Modus Vivendi” mərkəzində çıxışında əvvəlki Ermənistan rəhbərliyini – indiki rejimə müxalifətdə olan Levon Ter-Petrosyan və Robert Köçəryan rejimlərini fəaliyyətsizlikdə təqsirləndirmiş, xarici qüvvələrin təsiri altında Azərbaycandan olan qaçqınları naturallaşdırmaqda, hədə-qorxu yolu ilə Azərbaycan SSR pasportlarını alıb onlara Ermənistan Respublikası vətəndaşlığını verməkdə günahlandırmışdı.
Nəticədə, “Madrid prinsiplərinə Azərbaycanda yaşamış erməni qaçqınlarının məsələsinə toxunulmayıb”. Mariam Avaqyan təəssüflə bildirir ki, bu üzdən onların əhəmiyyətli hissəsi Ermənistanı birdəfəlik tərk etməyə məcbur olub, xarici ölkələrdə məskunlaşıblar. Məqsəd həmin ermənilərə xüsusi status verməklə onların Azərbaycanın erməni işğalı altında olan ərazilərinə köçürülməsi planına həm beynəlxalq qurumların, həm də Rusiya Federasiyasının dəstəyini almaqdır. Belə ki, Mariam Avaqyan hələ 2017-ci ilin iyun ayında Ermənistanın “Tert.am” saytına verdiyi müsahibəsində “qayıdış” məsələsinə toxunaraq bildirib ki, Ermənistanda məskunlaşmış 420 min erməninin indi təqribən 70 min nəfəri bu ölkədə qalıb: “Erməni qaçqınlarının “azad olunmuş torpaqlarda məskunlaşmaq hüququ var. Lakin beynəlxalq qurumlar bizə kələk gəlib, həmin torpaqları “işğal altında olan ərazilər” adlandırıblar”.
Azərbaycandan olan ermənilərin Qarabağda yerləşdirilməsi təşəbbüsündə Mariam Avaqyan novator deyil. Vaxtilə Serj Sarqsyanın yerlisi və Qarabağ Komitəsinin üzvü olmuş Aleksan Akopyan analoji proqram irəli sürsə də, sabiq Ermənistan rəhbərliyi onun həyata keçirə bilməyib. A.Akopyanın sözlərinə görə, “Problemimiz bu ərazilərin beynəlxalq hüquq əsasında statusunu formalaşdıra bilməməyimizdir. Biz faktiki olaraq, bu istiqamətdə heç bir iş görməmişik. Siyasi vəzifəmiz isə qaçqınları vahid məqsəd ətrafında birləşdirmək olmalıdır”.
Ermənistanda bu cür yalan fikirləri səsləndirmək və dövriyyəyə buraxmaqdansa, ölkədəki dözülməz siyasi-iqtisadi vəziyyətdən qurtulmaq üçün gündən-günə güclənən miqrasiya axınının – kütləvi köçün qarşısını alsınlar. Ermənistanı bu vaxta qədər təqribən 400 min nəfərin tərk etdiyi qeyd olunur. Ermənilərinin özlərinin mətbuata (http://ru.1in.am/1210938.html) verdikləri məlumata görə, 2017-ci ilin ilk 9 ayı ərzində Ermənistandan 13500 nəfər miqrasiya edib. Təkcə 2016-cı ildə 22 min Ermənistan vətəndaşı Rusiya Federasiyasının vətəndaşlığını, 19 min nəfər isə yaşamaq icazəsi alıb. ABŞ-ın “Grin-kart” lotereya oyununda iştirak etmək üçün hər il bu ölkədən 50-55 min nəfər müraciət edir, onlardan 2500 nəfəri ABŞ-a giriş vizası alır və ölkəni tərk edirlər. Ermənistandakı miqrasiya problemi hakimiyyətdəki neoseqakronçu rejimin özünütəcrid siyasətinin nəticəsidir. Dünyada təqribən 11 milyon erməninin yaşadığı halda, hazırda Ermənistan Respublikasında cəmi 2,5 milyon nəfər əhali qalıb. Rusiya Prezidenti V.Putin də dəfələrlə öz çıxışlarında təkcə Rusiya Federasiyası ərazisində Ermənistan əhalisindən çox - 3 miyon erməninin məskunlaşdığını bildirib.
Elə isə bu tipli dezinformasiyanın yayılmasında Ermənistanın məqsədi nədir? Məlumdur ki, Ermənistanda bu ilin mart ayının ilk günlərinə təyin olunan prezident seçkiləri yaxınlaşdıqca Serj Sarqsyan rejimi hakimiyyətdə qalmaq, iqtidar və xalq arasında getdikcə dərinləşən böhranı azaltmaq üçün ən müxtəlif üsul və bəhanələrə əl atmaqdadır. Sosial problemlər və işsizlik üzündən ölkəni tərk edənlərin sayının durmadan artması, əhalinin yaşayış səviyyəsinin kritik həddə çatması rejimə qarşı etirazların getdikcə kütləvi xarakter alması ilə nəticələnib, 2018-ci ilin ilk günlərindən yanacağın qiymətinin artması isə hakimiyyətə müxalifətdə olan siyasi qüvvələrin fəallaşması üçün əlavə imkanlar açıb.
Təhlillərə əsasən, Serj Sarqsyan rejimi Ermənistan əhalisi, xüsusilə daha acınacaqlı durumda olan qaçqınlar arasında artan sosial-siyasi narazılığı prezident seçkiləri ərəfəsində nisbətən azaltmaq və Azərbaycanın xarici siyasət və təbliğat istiqamətlərində uğurlu gedişlərinə asimmetrik cavab vermək məqsədilə növbəti “Troya atını” gündəmə gətirmək – Sumqayıt hadisələrinə və 1990-cı ilin yanvarında Bakıda baş vermiş olaylara “beynəlxalq hüquqi qiymət verilməsini”, “Azərbaycan SSR-dən olan ermənilərin Qarabağda yerləşdirilməsini” beynəlxalq təşkilatlardan və böyük dövlətlərdən yenidən tələb etmək niyyətindədir. Hətta bəzi siyasətçilərin çıxışlarına əsasən, Ermənistan Respublikasının seçkilərdən sonra “Qərbmeyilli” və ya “Rusiyapərəst” mövqe seçməsi iri dövlətlərin bu məsələlərin həllinə münasibətindən də asılı olacaq.
“Azərbaycan SSR-dən olan qaçqınların qurultayının» 2017-ci ilin oktyabr ayının 28-də Rusiya Prezidenti V.Putinə ünvanladığı məktubda Ermənistanda üzləşdikləri ağır vəziyyətə və böyük oyunların iştirakçıları olmalarına dair açıq etiraf ifadələri də öz əksini tapıb: “Biz qaçqınlar dünya güclərinin sərvətlərini daha da artırması və hakimiyyətlərinin güclənməsi üçün vasitə olan və taleyin lənətlədiyi tayfayıq. Özümüzün və yaxınlarımızın qanı hesabına müasir dünyanın bütün ədalətsizliklərini qorumağa məhkumuq. Dünyanı başına alan sərsəmlik dövründə biz kimə lazımıq?”
Yeri gəlmişkən, həmin məktubu imzalayanların arasında “qurultayın koordinatoru” Mariam Avaqyan da var. Onların Rusiya prezidentinə göndərdikləri məktubun son cümləsinin altından isə Ermənistandan və Azərbaycanın erməni işğalı altında olan ərazilərdən qaçqın və məcburi köçkün düşmüş bir milyon iki yüz nəfər azərbaycanlı elə bu gün imza atmağa hazırdır: “Yeni gün gələcək, Həqiqət yenə də qayıdacaq və hər kəs layiq olduğu qiyməti alacaq”. O günə isə az qalıb…
Araz Qurbanov,
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi
Aqşin Məmmədov
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi