Ronaldinyo karyerasını başa vurdu
Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Ronaldinyo futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə onun qardaşı Roberto Asis “O Qlobo” nəşrinə müsahibəsində bildirib:
“O dayandı. Hər şey bitdi. Rusiyadakı dünya çempionatından sonra, böyük ehtimalla, avqustda nəsə böyük və gözəl bir iş görməyə hazırlaşırıq. Braziliyada, Avropa və Asiyada bəzi tədbirlər həyata keçirəcəyik. Əlbəttə, Braziliya yığması ilə oyun da keçiriləcək”.
Xatırladaq ki, Ronaldinyo karyerası ərzində “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klublarda oynayıb. 37 yaşında futboldan ayrılmağa qərar verən əfsanəvi futbolçu Braziliya yığmasında 97 matç keçirib, 33 qola imza atıb. O, 2005-ci ildə Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl top” mükafatına sahib çıxıb.
1news.az