Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın dövr ərzində keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri müəyyənləşib.
1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, mövcud qanunvericiliyə əsasən, dövlət qulluğuna qəbul imtahanlarının ayda bir dəfə keçirilməsi nəzərdə tutulur.
Hazırda inzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 27-də keçiriləcək müsabiqənin test imtahanına qeydiyyat davam edir. Bu imtahanda iştirak üçün qeydiyyat yanvarın 24-dək aparılacaq.
Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanlarının fevralın 18-də (B növü üzrə) və martın 31-də (A növü üzrə) keçirilməsi planlaşdırılır. Qeydiyyat və digər məsələlər haqqında məlumat veriləcək.
Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün elektron sınaq imtahanlarının isə ayda iki dəfə keçirilməsi nəzərdə tutulur. Elektron sınaq imtahanları mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə keçirilir.
Qeyd edək ki, yanvar ayı üçün nəzərdə tutulan sınaq imtahanları artıq təşkil olunub.
Növbəti sınaq imtahanları fevralın 2-də və 10-da, martın 4-də və 14-də keçiriləcək.
1news.az