20 Yanvar – hüzn və qəhrəmanlıq salnaməsi | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar – hüzn və qəhrəmanlıq salnaməsi

09:57 - 20 / 01 / 2018
20 Yanvar – hüzn və qəhrəmanlıq salnaməsi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam hadisəsinin üstündən 28 il keçir.

1news.az-ın məlumatına görə, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 20 yanvar Ümumxalq hüzn gününü faciə qurbanlarının xatirəsini yad etməklə qeyd edir.

Türkiyə, Almaniya, İsveç, Norveç, Finlandiya, Fransa, Danimarka, Niderland, İtaliya, Böyük Britaniya, ABŞ, Kanada, Meksika, Avstraliya və başqa ölkələrdə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş müxtəlif tədbirlər- konfrans və dəyirmi masalar keçirilir, fotosərgilər, sənədli film nümayişləri təşkil edilir.

20 Yanvar Ümumxalq hüzn günü Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə yaşayan azərbaycanlılar tərəfindən də qeyd olunur.

Qeyd edək ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.

Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi.

Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınları və tibb işçiləri belə atəşə tutulurdular.

Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox insan yaralandı, 800-dən çox adam isə qanunsuz həbs edildi. Öldürülənlər arasında beş millətin nümayəndələri, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlar, qadınlar, qocalar, şikəstlər də var idi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan funksiyasını yerinə yetirən orqan) “20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında” qanun qəbul etdi. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan olundu.

18 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurasında 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının (sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev idi) hesabatı dinlənildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirildi.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır.

Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.

1news.az

 

Paylaş:
2258

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər