Global Energy Solutions şirkəti BP Azərbaycan üçün növbəti layihəyə start verir
Global Energy Solutions (Glensol) şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda elektrik avadanlıqları və nəzarət-ölçü cihazlarına xidmətin göstərilməsi üzrə BP Azərbaycan şirkəti üçün növbəti layihəyə başlayır.
Glensol tərəfindən göstərilən xidmətlər Səngəçal terminalını, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft ixrac kəmərlərini, eləcə də BP şirkətinin dənizdə yerləşən 7 platformasını əhatə edəcək. Layihə elektrik avadanlıqlarının və nəzarət-ölçü cihazlarının fasiləsiz istimar müddətinin maksimum səviyyəyə çatdırılması və fəaliyyət dövrünün optimallaşdırılması üçün müxtəlif işlərin icrasını, texniki xidmətin göstərilməsini, quraşdırma, istismara vermə, modifikasiya, inspeksiya işlərini nəzərə tutur. Layihə 3 il müddətində, əlavə 2 il uzadılma imkanı nəzərdə tutulmaqla, həyata keçiriləcək.
“Son iki il ərzində BP şirkəti üçün ikinci iri layihəni əldə etməklə Glensol regionda öz sahəsində ən yaxşı yerli şirkətlər sırasında olduğunu təsdiq edib. Hazırda biz həmçinin xarici bazarlarda işgüzar fəaliyyətimiz üzərində çalışırıq, xüsusilə Qazaxstanda başladığımız fəaliyyət yerli iş təcrübəmizi xarici bazarda nümayiş etdirmək imkanı verəcək. Biz, ölkəmizi beynəlxalq səviyyədə təmsil edərək, beynəlxalq səviyyəli xidmətlərin göstərilməsində ön sıralarda olmağımızla fəxr edirik” – deyə Glensol şirkətinin baş direktoru Tamerlan Əliyev qeyd etdi.
2012-ci ildə Nobel Oil Services şirkətinin törəməsi kimi yaradılan Glensol neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşır. Glensol avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlılığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.
Reklam hüququnda