Tərtərdə mikroavtobusla piyadanı vurub öldürən sürücü həbs edilib

Yanvarın 22-də saat 20 radələrində Tərtər rayon sakini Məhəmməd Əhmədov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes 208 DKB” markalı 10-RB-130 dövlət qeydiyyat nişanlı mikroavtobusla rayonun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Firdovsi Məmişovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Cinayətin M.Əhmədov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
M.Əhmədova Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
1news.az