Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, araşdırmalarla onun Bakı şəhər sakini Akif Axıyev olduğu müəyyənləşib. Həmin şəxsin üzərinə baxış zamanı 0,18 qram heroin aşkar edilib. Onun yaşadığı evə də baxış keçirilib və əlavə olaraq 301,109 qram heroin, 1,561 qram tiryək və 0,9 qram “Tromodol” götürülüb.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Aşağı Qaramanlı kənd sakini Seymur Xankişiyevin üzərindən 11 qram, evinə baxış zamanı isə 385 qram marixuana aşkar edilib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İmadil Qocamanovdan 445 qram marixuana götürüblər.
Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.
Faktlarla bağlı rayon polis şöbələrində cinayət işləri başlanılıb.
1news.az