Müəllimlərin işə qəbul imtahanının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin işə qəbul imtahanının vaxtı açıqlanıb

12:44 - 24 / 01 / 2018
 Müəllimlərin işə qəbul imtahanının vaxtı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin vaxtı və yeri dəqiqləşib.

1news.az BŞTİ-yə istinadla xəbər verir ki, imtahanlar 29-30 yanvarda Bakı şəhəri 220 nömrəli məktəb-liseyin inzibati binasında təşkil olunacaq.

I mərhələnin (elektron ərizələrdə qeyd olunmuş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu barədə məlumatlar qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib. 

Müsabiqələrin I mərhələsində 1157 müraciət təhlil edilib və 1053 nəfər test imtahanı mərhələsinə buraxılıb.

Onlardan 91-i Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 637-si laborant olmaq üçün qeydiyyatdan keçib. 58 nəfər isə TDM-də çalışmaq üçün müsabiqəyə qatılıb.

Hər bir iştirakçının imtahan vaxtı barədə məlumat 26.01.2018-ci il tarixədək şəxsi səhifəyə göndəriləcək.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili: 6022; 6028), mobil: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir.

1news.az

 

 

 

Paylaş:
830

Son xəbərlər

Bütün xəbərlər