Dövlət Gömrük Komitəsi ilə FAO arasında əlaqələrin gələcək perspektivləri müzakirə olunub
Dövlət Gömrük Komitəsi ilə FAO arasında əlaqələrin gələcək perspektivləri müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müzakirələr yanvarın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmakla keçirdiyi görüşdə aparılıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmizin gömrük xidməti ilə FAO arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərindən məmnunluqla söhbət açıb, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Aydın Əliyev son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların xüsusilə qeyri-neft sektorunun inkişafına təkan verdiyini, bu sahədə əldə olunan nailiyyətlərin nəticəsi olaraq ölkəmizin ixrac potensialının da artdığını diqqətə çatdırıb. Komitə sədri kənd təsərrüfatının müxtəlif sahələrində yeni texnologiyaların, ən son elmi nailiyyətlərin tətbiqi hesabına məhsuldarlığın ciddi şəkildə artımı ilə yanaşı, qida təhlükəsizliyinə də xüsusi diqqət yetirildiyini vurğulayıb.
Aydın Əliyev Dövlət Gömrük Komitəsinin gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar nəzarətini də həyata keçirdiyini vurğulayıb və ümidvar olduğunu bildirib ki, gömrük xidməti ilə FAO arasında qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanda ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarətin daha da gücləndirilməsi işinə öz töhfəsini verəcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak rəhbəri olduğu qurumla gömrük xidməti arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edib. Mələk Çakmak Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində böyük irəliləyişə nail olunduğunu, səmərəli idarəçilik sistemlərinin tətbiqi yolu ilə ərzaq və qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərin uğurla davam etdirildiyini vurğulayıb. Rəhbərlik etdiyi ofis tərəfindən Azərbaycanda həyata keçirilən layihə və proqramlar barədə məlumat verən Mələk Çakmak FAO-nun gələcək planlarından da danışıb. O, Azərbaycanda son dövrlərdə müşahidə olunan iqtisadi inkişafın ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə də müsbət təsir göstərdiyini bildirib.
Görüşün sonunda FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində alınmış müfəttiş dəstləri təqdim olunub.
1news.az