ABŞ diplomatları məcburi köçkünlərlə görüşüblər – FOTO

Fevralın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, icmanın üzvü Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı Elman Məmmədov, ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və Minsk qrupunun ABŞ üzrə həmsədri Endrü Şofer Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və Minsk qrupunun həmsədri Endrü Şofer məcburi köçkünləri vəziyyəti ilə maraqlanıblar.
Səfir R.Sekuta qeyd edib ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə o Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərlə görüşüb. Diplomat deyib ki, bu görüşlərdə məcburi köçkünləri fikirləri ilə maraqlanıb. Onun sözlərinə görə, ölkəsi daim münaqişənin sülh yolu ilə həllində maraqlıdır və bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.
Daha sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmiz hərbi təcavüzünə məruz qalıb. Nəticədə, ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dövlət onların yaşayışı üçün şərait yaratsa da insanlar öz doğma torpaqlarına qayıtmaq istəyir.
Sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qonaqlara bildirib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışan Fuad Hüseynov qeyd edib ki, bu günə qədər 265 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni qəsəbələrə köçürülüb.
Daha sonra qonaqlar Zəngilan rayonundan məcburi köçkünlərin mənzil şəraitləri ilə tanış olublar. ABŞ diplomatları məcburi köçkünlərlə söhbət ediblər. Onların fikir və istəklərini dinləyiblər.
Sonra “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, icmanın üzvü Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Elman Məmmədov diplomatlara ermənilərin apardığı işğal siyasəti ilə bağlı məlumat veriblər. Onlar ABŞ-dan həmsədr ölkə kimi münaqişənin ədalətli həllinə dəstək olmasını gözlədiklərini bildiriblər.
Sonra qonaqlar qəsəbədəki orta məktəbə və muzeyə baxıblar.
S.Xankişiyeva