Eldar Əzizov: Bayılda yaranan vəziyyətə görə sakinlər də məsuliyyət daşıyır

Bayıl ərazisində sürüşmə hadisələri indi deyil, hələ çox-çox əvvəllər də olub. Arxiv məlumatlarına əsasən, bizə məlum olan ilk belə hadisə 1842, 1847,1874-cü illərdə də qeydə alınıb.
1news.az-ın məlumatına görə, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə zonasında son vəziyyətlə tanış olarkən deyib.
“Sonradan da ərazıdə bu hallar baş verib, sonuncu böyük sürüşmə hadisəsi isə 2000-ci ildə olub. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr olur.
Hələ 19-cu əsrin əvvəllərində Bakı şəhəri əhalisinin sayı 5 minə yaxın olub, həmin əsrin sonlarında isə Bakıda yaşanan neft bumu nəticəsində əhalinin sayı 100 minə qalxıb. 19-cu əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib”.
İcra başçısı bildirib ki, aparılan araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25 %-nin ötən əsrin 60-70-cı illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni bir gecəyə tikildiyi evlər olduğu müəyyən edilib:
“Sakinlər bu evləri qeyri-rəsmi münasibətlərə girərək qanunsuz olaraq tikib. Lakin bütün bunlara baxmayaraq bu gün dövlətimiz ayrı-seçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır.
Bayılda baş verən sürüşmənin səbəbləri barədə tam dəqiq söz demək, münasibət bildirmək hələ tezdir. Lakin mütəxəssislərin ilkin verdikləri rəyə görə sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır. Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə sadəcə olaraq az da olsa təsir edə bilərlər. Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər 1 mərtəbəli, plansız, bünövrəsiz 1 gecəyə tikilən zəif evlərdir”.
Bayılda tikilən yeni çoxmənzilli yaşayış binalarına toxunan Eldar Əzizov bildirib ki, bu binalar təhlükəli sahədən 5 km aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır:
“Bu binaların layihləndirilməsi və tikintisi işləri Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi və rəyi əsasında, birbaşa olaraq bu qurumların mütəxəssislərin nəzarəti altında aparılır”.
Ərazidən köçürülən sakinlərin əmlakının qorunması, təhlükəli zonaya insanların buraxılmaması üçün postlar yaradıldığını diqqətə çatdıran icra başçısı bildirib ki, hazırda da RİH nümayəndələri sürüşmə baş verən ərazidədirlər və Nazirlər Kabineti tərəfidən burada yaranan vəziyyətlə bağlı çıxaracağı qərara uyğun tərəfimizdən müvafiq tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, son iki gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə yağan intensiv yağıntılar buradakı duruma da təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına da hopub. Bunun da nəticəsində sürüşməyə meyilliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb. Başlıcası əhalinin bu ərazidən vaxtında köçürülməsi ilə əlaqədar xəsarət alan olmayıb.
Babək Cahandarov