Bakıda mənşə yeri adları və coğrafi göstəricilərlə bağlı təlim keçiriləcək

Bakıda mənşə yeri adları və coğrafi göstəricilərin fərqləndirici əlamətləri mövzusunda təlim keçiriləcək. Təlimçilər arasında Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzinin sədri də var.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında imzalanmış memorandumda nəzərdə tutulan təlimlərin növbəti dördüncü mərhələsi (Modul 4) fevralın 19-23-də keçiriləcək. “Mənşə yeri adları və coğrafi göstəricilərin fərqləndirici əlamətləri və mühafizə” mövzusunda keçiriləcək təlim “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin Təlim Mərkəzində baş tutacaq.
Təlimdə elm, təhsil, gömrük, özəl sektor və Patent və Əmtəə Nişanları Mərkəzini təmsil edən, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası tərəfindən qeydiyyata alınmış 20 təlimçinin iştirakı nəzərdə tutulub.
“Mənşə yeri adları və coğrafi göstəricilərin fərqləndirici əlamətləri və mühafizə” mövzusunu əhatə edəcək mühazirələr Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təqdimatına uyğun olaraq Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzinin (Sakpatenti) sədri Nikolaz Qoqilidze, həmin mərkəzin müşaviri David Gabunia və Gürcüstan Respublikası Bankının Tədris Departamentinin təlimatçısı Paata Papava tərəfindən tədris ediləcək.
Qeyd edək ki, memorandumda nəzərdə tutulan təlimlərin birinci mərhələsi (Modul 1): “Əsas təlim metodikaları” mövzusunda 2015-ci il dekabrın 14-18-də, təlimlərin ikinci mərhələsi (Modul 2): “Tətbiqi təlim metodikaları” mövzusunda 2016-cı il sentyabrın 19-23-də və təlimlərin üçüncü mərhələsi (Modul 3): “Özəl sektor üçün əqli mülkiyyət sahəsində seçilmiş mövzular” üzrə təlimlər isə 2017-ci il mayın 15-19-da Təlim Mərkəzində təşkil olunub.
1news.az