Elman Rüstəmov: 2018-ci ildə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir
“2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir edib”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə qeyri-neft sektorunda 2,7%-lik iqtisadi artım baş verib:
“O cümlədən qeyri-neft sənayesində 3,7%, kənd təsərrüfatında 4,2% iqtisadi artım olub. İqtisadi artım dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənib. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir”.
Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının yeni fiskal və monetar qaydalara keçəcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, belə olan şəraitdə AMB yaranmış status-kvonu saxlamağa çalışacaq:
“Bizim bazara əhəmiyyətli dərəcədə müdaxiləmiz yoxdur. Biz valyuta hərraclarında nə valyuta alırıq, nə də valyuta satırıq. Əsas məsələ hal-hazırda banklara verdiyimiz svopların qaytarılmasıdır. Yeni fiskal və monetar qaydalara keçid çox mütərəqqi addımdır. Bu yeni fiskal və monetar siyasət qaydalı siyasətdir. Bu qaydalı siyasət həm fiskal, həm də monetar siyasətin koordinasiyasını yüksək səviyyəyə qaldıracaq. Bununla da məzənnənin iqtisadi risklərə təsirinin aradan qaldırılmasını təmin edəcəyik”.
1news.az