Xalq Əmanəti: Sazlı-sözlü ustadlar 3 cildlik Aşıq Ədəbiyyatı Antologiyasında – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xalq Əmanəti: Sazlı-sözlü ustadlar 3 cildlik Aşıq Ədəbiyyatı Antologiyasında – FOTO

19:00 - 23 / 02 / 2018
Xalq Əmanəti: Sazlı-sözlü ustadlar 3 cildlik Aşıq Ədəbiyyatı Antologiyasında – FOTO

“Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bank ASC “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunu nəşr edib.

Azərbaycan xalqının mədəni irsinin sütunlarından biri olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun böyük tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlər lüğəti öz əksini tapıb.

Sazın-sözün əzəli və əbədi missiyası xalqın dilini, ruhunu yaşatmaq, arıdıb durultmaq, tarixi-mənəvi kimliyini, etnoqrafik yaşam tərzini, folklor dəyərlərini, fikir-düşüncə özünəməxsusluğunu, könül gözəlliklərini sirli-sehirli bir ecazkarlıqla sabahlara daşımaqdır. Yüzillərin uzaq dərinliklərində möhtəşəm oğuznamələri düzüb qoşan alp ozanların könül yadigarları bu gün bizim üçün ona görə əzizdən əzizdir ki, onların hər kəlməsində dilimizin, ruhumuzun, mənəvi varlığımızın aydınlığını, duruluğunu, yenilməzliyini görə bilirik. Bü baxımdan Ata Qamların (şamanların), Dədə Ozanların əski çağlardan başladıqları mübarək yolu - dil və ruh mücadiləsini sonrakı dönəmlərdə ustad aşıqlarımızın yüksək poetik ovqatla davam etdirməsi, mənsub olduğu xalqın mənəvi gücünü qürurla daşıması, yeni nəsillərə təlqin edib mənimsətməsi milli varlığımızın, o cümlədən istiqlal və dövlətçilik düşüncəmizin qorunub möhkəmləndirilməsində mühüm rol oynamaqdadır.

«Aşıq haqq aşığıdır», «aşıq el anasıdır», «aşığa zaval yoxdur», «aşığın dilinə yasaq yoxdur», «aşığın sözü haqq sözüdür», «aşıq gördüyünü çağırar» kimi daşlaşmış el kəlamlarından aşığın cəmiyyətdə, el-oba arasında nə qədər böyük tarixi status, mötəbər mövqe daşıdığı aydın görünməkdədir. Əlbəttə, belə yüksək ehtiramın çeşidli səbəbləri vardır. Burada  xalqın tarixi-mədəni yaddaşını qoruyub daşımaqdan tutmuş, zəngin həyat təcrübəsindən gələn müdrik kəlamlarla, hikmətamiz ustadnamələrlə çevrədəkilərin mənəvi tələbatını ödəmək, lirik-aşiqanə qoşma-gəraylılarla gözəllik və məhəbbət zövqü aşılamaq kimi çoxsaylı amillər əsas rol oynamışdır.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun aşıq sənəti ilə bağlı yazısında qeyd etdiyi kimi “aşıq yaradıcılığı ruhumuzun danışan dilidir. Bu dil aranın-yaylağın, gülün-çiçəyin, suyun-bulağın, çayın-çeşmənin, yerin-göyün, buludun-şimşəyin, gözəlliyin, sevginin-məhəbbətin, çərşənbə gününün dilində danışır, bizi də bu ruhda danışdırır, bu ruha kökləyir.”  (2015-ci ilin əvvəllərində layihə üzərində işlərkən, tərtibçilər o zaman Azərbaycan Aşıqlar Birliyinin sədri olan, Xalq şairi Zəlimxan Yaquba müraciət edərək ondan antologiya üçün məqalə yazmasını istədilər. Daim “Xalq Əmanəti” layihəsinin poetik toplularının təqdimatlarında ürəkdən iştirak edən şairimiz antologiya təşəbbüsünə çox sevindi, xeyir-duasını verdi və nəşr üçün mütləq məqalə yazacağına söz verdi. Yazdı da... Amansız xəstəlik onu taqətdən salsa da, o öz sözünə sadiq qaldı. Əfsuslar olsun ki, antologiyanı görmək Zəlimxan Yaquba qismət olmadı, “Aşıq poeziyası” cildinə daxil olan “Dahilik, müdriklik və sadəlik” məqaləsi isə böyük şairimizin ömrünü həsr etdiyi poeziya sənətinə son töhfələrindən biri oldu.)

Aşıq xalqın ruhunu, mənəvi varlığını dərindən bildiyi və məhz xalqın ürəyindən keçənləri dilə gətirdiyi üçün xalq onu el anası adlandırmışdır. El anası olan aşıq elin-xalqın psixologiyasını, əxlaq qanunlarını, yüzillərin sınağından keçmiş mənəvi dəyərlərini, həyat təcrübəsindən doğan müdrik düşüncələrini özünün düzüb qoşduğu şeirlərdə elə bir ölçü-biçiylə, poetik mizan içərisində təqdim etmişdir ki, xalq həmin sözləri ustad kəlamı, ustad sözü - ustadnamə sayaraq dilinin əzbərinə çevirmişdir.

Təsvir-tərənnüm obyektinə özünəməxsus saz-söz  sığalı çəkmək  Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Abdalgülablı Valeh,  Yəhya bəy Dilqəm, Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Molla Cuma, Növrəs İman, Dədə Şəmşir, Mikayıl Azaflı və daha neçə belə ustadın könül dünyasında ovsunlayıcı poetik nəfəsin ortaya çıxması ilə nəticələnib. Onların sinəsindən pərvazlanan qoşma-gəraylılar, çoxsaylı çeşidlərə malik təcnislər, divanilər, müxəmməslər bunun əyani sübutudur.

Yüzillər boyunca xalqın həyat tərzinin, duyum və düşüncə biçiminin əsas axarını bahadırlıq, cəngavərlik təşkil etdiyindən etnik-mənəvi sistemin güzgüsü olan folklorda, o cümlədən də dastançılıq ənənəsində qəhrəmanlıq motivinin geniş və qabarıq yer alması təbii-tarixi zərurətdən irəli gəlmişdir. Alplıq – bahadırlıq təbliğ-tərənnüm edən nəhəng oğuznamə silsiləsindən (mərkəzdə «Kitabi-Dədə Qorqud» boyları olmaqla!) «Koroğlu» eposuna, qaçaq dastanlarınacan öz aparıcı mövqeyini qoruyub saxlayan qəhrəmanlıq motivi qədim türk-oğuz cəmiyyətindəki yaşamaq, mövcud olmaq təsəvvürünün sonrakı tarixi dövrlərə etnik-irsi daşıyıcısı funksiyasını yerinə yetirmişdir. Qədim türk cəmiyyətində dastan təfəkkürü istisnasız olaraq bahadırlıq düşüncəsinin obrazlaşdırılmasına yönəldiyindən həmin mərhələyə məxsus epik ənənənin özəyində qəhrəmanlıq motivi və bu motivin ifadəsi olan çeşidli qəhrəmanlıq süjetləri durur. Sonrakı tarixi dövrlərdə epik düşüncədə lirik təmayül də müəyyən yer tutmağa başlayır, bu zaman məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan, bir növ hər iki motivin qovuşuğunu əks etdirən dastanlar ortaya çıxır. Epik ənənədə lirik təmayülün güclənməsi sırf məhəbbət motivinə bağlı dastanların meydana gəlməsi ilə də nəticələnir. Orta çağ aşıq ədəbiyyatı məhəbbətin gerçək və simvolik – fəlsəfi-ürfani anlamlarını qovuşuğa gətirərək özünəməxsus sənət keyfiyyətlərinə malik məhəbbət dastanları ortaya çıxardı. Məhəbbət dastanları spesifik süjet və kompozisiya tərkibinə malik olan orijinal epik folklor örnəkləridir.

Azərbaycan xalq dastançılığı özünün çiçəklənmə mərhələsini orta yüzilliklərdə keçirmişdir. Bu mərhələnin şah əsərləri olan «Aşıq Qərib», «Tahir-Zöhrə», «Əsli-Kərəm», «Abbas-Gülgəz», «Şah İsmayıl-Gülzar» kimi möhtəşəm dastanlar Azərbaycan hüdudlarından çıxaraq ümumən Qafqaz, Anadolu, Orta Asiya ərazilərində də geniş yayılmış, eyni soydan olan türk xalqları ilə yanaşı, gürcü, osetin, tacik və s. etnosların folklor arealına yerləşmişdir.

Aşıq poeziyamızın, eləcə də dastanlarımızın diqqət çəkən bir  özəlliyi də saz-söz yaddaşında vətən coğrafiyasının, tarixi mahal və yurdlarımızın, müqəddəs, ulu torpaqlarımızın sıx-sıx yer almasıdır. Dastan qəhrəmanları Təbrizdən, İrəvandan, Dərbənddən, Gəncədən, Qarabağdan, Qaradağdan, Naxçıvandan, Tiflis-Borçalıdan, Çıldır-Ağbabadan, Göyçədən, Şirvandan, Muğandan, Urmiyadan, Zəncandan, Qarsdan, Səlmasdan, Mərənddən, Marağadan hərəkətlənib yaxın-uzaq elləri  dolaşırlar. Yüzilliklərdən daşınıb gələn aşıq poeziyası Azərbaycanın tarixi coğrafiyasını, vətən xəritəsini doğru-dürüst əks etdirən ən mötəbər qaynaqdır. Bu mənada aşıq poeziyasının tarixi mənzərəsində həm də Azərbaycanımızın birliyi, bütövlüyü, ayrılmazlığı qərarlaşıb.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.

Reklam hüququnda

 

Paylaş:
1171

Son xəbərlər

Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41
Bütün xəbərlər