Energetika naziri “Total”ın Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidentini qəbul edib
Energetika naziri Pərviz Şahbazov Fransanın “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla əməkdaşlıq, eləcə də “Abşeron” qaz-kondensat yatağının işlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” yatağının işlənməsi üzrə “Total” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. İlkin mərhələdə ölkədaxili tələbatın ödənilməsinə hesablanmış bu qaz layihəsi üzrə görülən işlər və ilk qazın hasil olunması istiqamətində planlaşdırılan tədbirlərlə maraqlanıb.
“Total” şirkətlər qrupunun vitse-prezidenti Bernard Klement SOCAR-la yüksək səviyyədə əməkdaşlığın nümunəsi kimi “Abşeron” qaz-kondensat yatağının operatorluğunu "Abşeron Neft" Birgə İstismar Şirkətinin (JOCAP) həyata keçirəcəyini bildirib. Yataqda ilk quyunun VI nəsil Yarımdalma Qazma Qurğusu ilə qazılacağı və bu prosesin gələn ilin mart ayına kimi yekunlaşacağı, “Abşeron” yatağı üçün platformanın inşası, ixrac boru kəmərinin layihələndirilməsi və quraşdırılması işlərinə isə bu ilin ortasında start veriləcəyi qeyd edilib. “Abşeron” yatağında hasilatın 2020-ci ilə planlaşdırıldığını deyən Bernard Klement ilkin mərhələdə illik təxminən 1,5 mlrd. kubmetr, 2022-2023-cü illərdə 5 mlrd. kubmetr qaz hasilatının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüşdə bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri ilə bağlı da müzakirələr aparılıb.
1news.az