Daha 199 dövlət əmlakı hərraca çıxarılacaq
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, budəfəki hərraca 199 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Qax Taxıl”, “Ağdaş Quşçuluq”, “Cəlilabad Məişət”, “Goranboy Aqrotexservis”, “İmişli Yağ Pendir” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 60-ı xidmət, 11-i iaşə, 10-u təmir, 6-sı sənaye, 6-sı kənd təsərrüfatı sahələrinə aiddir.
Hərraca çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Sumqayıt şəhərində yerləşir. Şəhərin mərkəzində Bağlar massivi deyilən yerdə dəniz kənarında olan "Laçın" restoranı sahibi üçün əlverişli qazanc mənbəyi ola bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 450 kv.m-ə yaxın, torpaq sahəsi isə 2400 kv.m-dən çoxdur. Ərazisinin geniş olması, eləcə də əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin dəyərliliyini artıran amillərdəndir. Həmin obyekt investorlar üçün iaşə sahəsində olduqca əlverişlidir.
Bundan başqa xidmət sahəsində də investorları cəlb edəcək əmlaklar var. Mingəçevir şəhərində yerləşən 138 saylı mağaza belə obyektlərdəndir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 300 kv.m-ə yaxındır. Həmin obyekt ərzaq mallarının pərakəndə satışı üçün yararlıdır. Əmlakın torpaq sahəsi ilə birgə özəlləşməsi isə rentabelliyi daha da artırır.
Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Qovlar tikiş fabrikinin Goranboy sahəsi belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 600 kv.m, torpaq sahəsi isə 3000 kv.m-dən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir.
Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Masallı rayonunda yerləşən Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 1000 kv.m-ə yaxın, torpaq sahəsi isə 26 min kv.m-dən çoxdur. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsinin də kifayət qədər geniş olması həyata keçiriləcək fəaliyyətin effektivliyini artıracaq.
Budəfəki hərracda sərfəli qiymətə, 2 min 500 manata da əmlak tapmaq olar. Paytaxtın Zabrat qəsəbəsində yerləşən, ümumi faydalı sahəsi 21 kv.m, torpaq sahəsi 22 kv.m olan 41/3 saylı mağaza bu qiymətə özəlləşməyə çıxarılacaq. Cəmi 250 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 47-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 8 kv.m ilə 213 kv.m arasında dəyişir. Bununla investorlar hərracda öz imkanlarına və biznes planlarına uyğun olaraq istənilən ölçüdə əmlak tapa bilərlər.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin markalıları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 5 min manatdan başlayaraq 21 min 500 manat arasında dəyişir. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan maşınlardır. Buraxılış tarixləri isə 1994-2010-ci illəri əhatə edir.
Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Qeyd edək ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.
1news.az